ائلچین ELÇİN

تورک دیلی و ادبیاتی

Pantomima - Sami Paşazadə Sezai

+0 بگندیم

Pantomima

Sami Paşazadə Sezai

Haseki tərəflərində bir çıxmaz küçənin içində tək duran üç otaqlı bir ev, bir məzar kimi, sonsuz bir səssizliklə dolu idi. Bir əskimişlik və unudulmuşluq içərsində  tərk edilmiş halda qalırdı. Çatısından qopan bir taxta, damından uçan bir kirəmit, divarlarından diyirlənən bir daş illərcə  düşdüyü yerdə qalardı. Hərdənbir çirkin, qoca bir Rum arvadı -cadugərlərə məxsus dəhşət və sükunətlə- çölə çıxaraq evində ehtiyac duyduğu vəsaitləri satın alar və tələm-tələsik evə girib itərdi. Evin kiçik bağçasında divara yaxın bir böyük ağac, İyulun o qızğın günəşi İstanbulun bu tərəflərini taqətsiz bir hərarət içində buraxdığı zaman yarpaqlarının arasına gizlənmiş sərin bir külək yaymağa başlayaraq o evin, o məhəllənin bir böyük yaşıl yelpiyi kimi havanı təzələyər və ona bir fərahlıq qazandırardı…

Yazın bir Cümə günü, günortaçağı, bu evdən, qoltuğunda boxçasıyla çıxan bir adam, qapısını etina və diqqətlə bağladıqdan sonra yoluna davam etməyə başladı. Arxadan baxılınca çiyinləriylə belinin genişliyi eyni olacaq qədər kök olan otuz üç yaşındakı bu adamın enli, ancaq çox qısa qıçları üzərindəki yükü istədiyi tərəfə aparmaq da çətinlik çəkdiyi görülürdü… Bu uzaq məhəllələrin tənha küçələrində düşüncəli, qəmli bir şəkildə yoluna davam edən bu adam, xalqı güldürmək üçün gedirdi…

İncə taxtalarla tikilmiş və yıxılmamaq üçün ətrafına dəstəklər vurulmuş bir binanın önünə gəldi. Bu binanın qapısının üzərində ağ kağıza böyük qara yazıyla bu lövhə asılmiş idi:

"Məşhur Paskalın pantomiması. Burada hər cümə və bazar günləri məşhur Paskal çeşidli hünərlər və gülünc oyunlar icra edər. Qiymətli müştərilərinin bəyənməsini qazanan Paskal, hər həftə yeni oyunlarını göstəri səhnəsində sərgiləyəcək!"

Paskal, özü idi. Teatrının qapısından girib boxçasını açaraq, heç dəyişməyən oyununa məxsus tuman biçimindəki ağ şalvarını, başına iti ağ papağını geydikdən və bütün üzünü unlara, qurbağa baxışlı qara gözlərinin alt qisimlərini qırmızıya boyaydıqdan bir saat sonra idi ki -boş zehinlərlə qayğısız könüllərdən çıxıb yüksələn- qəhqəhə sədaları və alqış səsləri arasında oyununu sərgiləyirdi.

Oyunda bir qadına aşiqmiş rolu oynayan Paskalın, elan-i məhəbbət üçün dilini çıxarması və onun sevgisini qazanmaq üçün mayallaq vurması oradakı xalqı çox güldürürdü. Teatrın bezdən tavanını başının üstündə tutan ortadakı hərəkətli dirəyə arxasını dayayaraq, ağızındakı siqaret ilə oyunu tamaşa edən bir tamaşaçı:

‘Paskalın dilini çıxarması yoxmu? İnsan buna gülməkdən huşunu itirir!' deyirdi. Onsuz da bunu orada kiçik stulların üzərinə oturanların əksərisi təsdiq etmişdi. Oyunçuların yanındakı lojada, o məsum, o uşaqca gülüşləri həyatın ağrılarına təsəlli ola biləcək gənc qızlardan biri, tam bir coşğu və sevinclə qanadlarını yelləyərək uçuşan quşlar kimi, o kiçik çəhrayı dodaqlarının üzərində nurani bir təbəssüm olduğu halda, əllərini bir-birinə çırparaq Paskalı alqışlayırdı. "Eftalya" adındakı, iyirmi yaşında, bu gənc qız qoca anasıyla həmən hər həftə bu lojaya gəlirdi. Anası: ‘Qızım burada çoxmu əylənirsən?' deyə soruşduğu vaxt; Eftalya, Paskalı ölən sevimli itinə bənzətdiyini və bəzən də onun hərəkətlərinin və rəftarının, bir dəfə görüb də çox xoşuna gələn bir meymunu andırdığını söyləyərdi.

O gün isə ağ kətanlar, sehri təbəssümlər içində olan bu gənc qız, o səs-küylər arasında, bir heyvan qədər sevimli gördüyü və bəyəndiyi oyunçuya, lojadan çiçək atırdı. Atdığı bu çiçəklər, Paskalın üzünə köksünə toxunduqca əliylə ürəyini tutaraq ən can alan yerindən vurulmuş yırtıcı bir heyvan kimi acı acı fəryad edirdi.

Bir iki dəqiqə sonra teatrının iç tərəfindəki torpağın üzərinə oturaraq, hələ güldürdüyü adamların qəhqəhələri davam edərkən içini çəkə çəkə ağlayırdı. Bu yazıq Paskal, o gözəl Eftalyanı sevirdi, bu qüsurlu bədən, o qüsursuz varlığa aşiq olmuşdu!

ancaq könülünün ən gizli bir bucağında gizlədiyi bu məhəbbətini kimsəyə söyləməyə, kiçiklikdən bəri hər dərdini paylaşdığı evdəki qoca xidmətçisiylə belə hasbihal etməyə cəsarət edə bilmirdi. Ömüründə heç bir qadının bəyənən baxışlarına, heç kimin iltifatlı davranışlarına nail ola bilməmişdi. Özündən gözlənilən yalnız güldürmək idi. Bax, bu incik halında, gözyaşları içində olduğu bu kədərli vaxtında belə hər kəs qəhqəhələrlə ona gülürdü.

Axşamdan sonra oyun bitdiyində yenə boxçasını qoltuğuna alaraq gəldiyi yoldan çəkingən bir biçimlə evinə avdət edirdi. Otağının qapısını açaraq, içində kimsə olmayan evində, birinin gəzib gəzmədiyini, pəncərəsini qaldırıb, küçədən kimsənin keçib keçmədiyini anladıqdan sonra gözəl Eftelyasını düşünməyə başladı.

Bu gün oyunda özünə nə üçün o qədər gülmüş idi görəsən? Qoynundaki çiçəkləri çıxarıb incitmədən və hörmətlə öpdükdən sonra, otağının ən yüksək yerinə qoydu. "Bu çiçəklər, ah bu çiçəklər məni öldürəcək." deyirdi.

Özünü bir dəfə qəbul edəcək olsa… Bu otaqları saxsılarla donatacaq, o gözəl Eftalyasını bu küncə oturdacaq, nə qədər qəribə hekayələr varsa anlatacaq, bütün gecə onu güldürəcəkdi. Çox gözəl bir yuxudan oyanar kimi başını qaldırdı. Ah, çox da çirkin idi, aləmin məsxərəsi idi. Ağlamağa başladı.

Son günündə pis bir xəbər gətirən o ay nə qədər sürətlə gəlib keçmiş idi. İki həftədən bəri teatrına gələ bilməyən Eftalya evlənirdi. Yazıq Paskal, bir Cümə günü əriylə birlikdə gələn Eftalyanı güldürdükdən sonra, ürəyini parçalayan kədərini fərq etdirməmək üçün başını önünə əyərək evinə gedib içinə qapandığı otağının qapısını sürgülədi.

Ertəsi səhər günortadan sonra qapısını qıracaq kimi vuran qoca Rum arvadı heç bir cavab ala bilməyincə, tam bir qorxu və təlaş ilə məhəllədən yığdığı adamlarla, qapısını qırıb otağa girdilər. Otağa girər girməz hər kəs gülüşməyə başladı. Çünki Paskal asılmış bir adam təqlidi edərək o məşhur məharətiylə dilini çıxarmışdı.

Həyatında hər kəsi güldürdüyü kimi, ölümündə də kimsəni ağlada bilməyən yazıq Paskalın bu səfərki halı təqlid deyil, ölüm kimi həqiqət idi.

Köçürən: Abbas Elçin


آچار سؤزلر : تورکیه ادبیاتی,