Sabir Alim oğlu Əsədov *
1970-80-Cİ İLLƏR CƏNUBİ AZƏRBAYCAN POETİK NÜMUNƏLƏRİNDƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR
Xalqımız əsrlər boyu tolirantlıq nümayiş etdirərək, qonşu dövlətlərlə mehriban, dostluq mövqeyində və sakit yaşamaq üçün əlindən gələni əsirgəməmiş və gələcəyə daim ümidlə baxmışdır. Eyni zamanda həm də vətənimizin mərd və fədakar oğulları tarixən torpaqlarımıza soxulmaq istəyən mənfur və xain düşmənlərin cavablarını vermiş, onların mənfur arzularını gözündə, çirkin niyyətlərini ürəklərində qoymuşlar. Bütün bunlar hamısı həm də poeziyada öz əksini tapmış, söz ustaları tərəfindən qələmə alınmış, tarixin yaddaşına hopdurulmuşdur. Torpaq qədər vacib məsələlərdən biri də ana dili məsələsidir ki, bu da şairlərin yaradıcılığında yüksək pafosla ifadə edilmişdir.
Türkçülük ideyaları və düşüncə tərzi geniş yayılmağa, inkişaf etməyə, yeni janrlar üzərində əks olunmağa başladı. Lirikada qabarıqlıq və yeni məzmun axtarışları qəzəl janrında da təzahür etməyə başladı. Xalqın milli hissləri daha da gücləndi. Xalqımızın adət və ənənələrinə, məişətinə bələd olan sənətkarlar mükəmməl poetik nümunələr yaratmaqda davam etdilər. Soydaşlarımızın müqəddəs amal və məqsəd uğrunda apardığı haqq mübarizəsi poeziyada ən aktual mövzuya çevrildi.
Akademik Mirzə İbrahimov bu xüsusda yazırdı: “Gəlin azadlığı təbliğ edən, demokratik fikirləri yayan, doğma xalqın vətənpərvərlik duyğularını, ana dilinə və öz mədəniyyətinə məhəbbətini, müstəbid şahlara, xalqı əzib qaranlıqda və ehtiyac içində saxlayanlara nifrətini, qəzəbini ifadə edən jurnal və qəzetlərdəki yazıları sevək, alqışlayaq, həmişə gözümüzün qabağında saxlayaq” [5].
Cənubi Azərbaycan şairlərinin həssas yanaşdığı ana dili məsələsiə qəzəl janrında qələmə alınan əsərlərdə də yüksək sənətkarlıqla ifadə olunmuşdur. Azərbaycan xalqına, onun tarixinə bağlı olan hər bir sənətkar dilimizə qarşı olan laqeydliklə barışmamış, etirazını poeziya vasitəsilə ifadə etmiş, narazılığını bildirmişdir. Bu cəhətdən Əli Şərif Dilcuyi Adsızın “Dilim” rədifli qəzəli bu baxımdan çox maraqlıdır. Nəsiminin, Füzulinin, Vurğunun dilinin tarixin sınaqlarından çıxdığını deyən şair yazır:
Gül-çiçəklər bəsləyən solmaz, gözəl bağdır dilim!
Qarlı qışlardan çıxan yaz tək üzü ağdır dilim!
Hər necə bir hiss ola söylər bu qüdrətli kəlam,
Dalğalı coşqun dəniz, şimşək tək oynaqdır dilim.
Həm Koroğlu nərəsi, həm Əslinin fəryadını,
Əks edir bir güzgü tək, bax gör nə parlaqdır dilim.
Gah ucaldır bizləri, gah güldürür, gah ağladır,
Dərddə, həm şənlikdə öz xəlqilə ortaqdır dilim.
...Çox çalışır düşmən ki, bu dil ərsədən çıxsın daha,
Yaz ki, Adsız, görsün o xəlqim kimi sağdır dilim![1, s. 271].
Xalqımızın və ana dilimizin əbədiliyi, müqəddəsliyi Adsızın bu qəzəlində yüksək poetik ustalıqla və sənətkarlıq bacarığı ilə qələmə alınmışdır. Şair ilk öncə dilimizi solmaz gözəl bağa bənzətmiş, qarlı qışlardan çıxan yaz kimi üzüağ olduğunu bildirmiş, eyni zamanda bu dilin dəniz kimi coşqun, şimşək kimi oynaq olduğunu qeyd etmişdir. Bu dildə həm Koroğlu nərəsi, həm də Əsli fəryadı vardır. Dilimizin taleyi xalqımızın taleyi ilə ortaqdır. Zaman-zaman xalqımıza, torpaqlarımıza, vətənimizə uzanan nankor əllər həm də dilimizə qarşı uzandı, ona qadağalar qoyuldu, unutdurulmağa, yaddan çıxarılmağa çalışıldı. Amma heç bir düşmən, heç bir işğalçı bunu bacarmadı, bacara da bilməz. Çünki bu dil, şairin də dediyi kimi, qəhrəmanların qanı ilə boy atıb, inkişaf edib, böyüyüb, çox sitəmlər, əzablar görsə də, bütün sınaqlardan üzüağ çıxıb. Bu dil həmişəyaşardır.
Nümunə gətirilən qəzəldə siyasi motivlər, dilimizə qarşı zaman-zaman özünü göstərən qadağalara, məhrumiyyətlərə etiraz da özünü göstərir. Bir daha şahidi oluruq ki, Cənubi Azərbaycan poyeziyasında ana dili mövzusu qəzəl janrında da aparıcı mövqe qazanmış, qadağalara baxmayaraq inkişafdan qalmamışdır. Nə qədər çətin olsa da, ana dilimiz inkişaf etmiş, onunla bərabər qəzəl janrı da öz yaşamından qalmamışdır. Düzdür, bir tərəfdən yeni avropasayağı modern şeirlər qələmə alınmış, digər tərəfdən qəzəl yazan şairlər də öz yaradıcılıqları ilə ön sıralarda getmişlər. Belə gözəl qəzəllər yazan şairlərdən biri də Məlihə Xayyır idi. Onun “Susdum…” rədifli qəzəlinə baxaq:
Yarpaq kimi soldum, səpələndim, yenə susdum,
Narın göz ələkərdən ələndim, yenə susdum.
Qasnaq soyulub, duz qalanıb hər yaram üstə,
Qasnaq soyularkən gilələndim, yenə susdum.
Gah sısqa yağışdan qurtarıb yağmura düşdüm,
Gah yanğın olub gilələndim, yenə susdum.
Həsrət şələsin çiynimə aldım, çölə düşdüm,
Yolçu kimi sevgi dilləndim, yenə susdum.
Hər dərdliyə yandıqca köz oldum, külə döndüm,
Hər közlü külün içrə bələndim, yenə susdum.
Dan ulduzuyam, üzlüyüm heç an dəyişilməz,
Zülmət gecəsində səpələndim, yenə susdum [2, s.567].
Məliha Xayyırın qəzəl janrında yazdığı bu şeir söz yığınından uzaq, sadə və gözəl bir poetik nümunədir. Bu şeiri oxuduqca onu yazan şairin səmimiliyinə və sənətkarlığına inanırsan. Burada şair ifadə etmək istədiklərini gözəl, poetik nümunələrlə deyə bilir. Bu da qəzələ yeni ovqat, üslub gözəlliyi, rəvanlıq gətirir. Bir sözlə inqilabdan sonra yaranan qəzəllərdə bu janrın poetik baxımdan zənginləşdiyinin şahidi oluruq. Həmin dövrdə qəzələ yeni ruh gəldiyini görürük. Cənub poeziyasında daha da nəzərə çarpan bu dirçəliş 1970-ci-80-ci illərdən etibarən getdikcə daha da artır. Qəzəl janrının müəyyən təkamül keçdiyinin, əhəmiyyətli mövqe tutduğunu görürük. Bu zaman kəsiyində meydana gələn qəzəllərin əksəriyyəti Azərbaycan türkcəsində yazılırdı. Bu həm də bütün qadağalara və məhrumiyyətlərə, rejimin təzyiqlərinə baxmayaraq, ana dilinin qorunub saxlanmasına yönələn addım idi.
Pərvanə Məmmədli “Cənubi Azərbaycanda ədəbi-bədii prosesin inkişaf məsələləri” kitabında bu haqda yazır: “Qəzəl janrına müasir şairlərin qayıdışı, hələ ki, bu zamanın yaşamaq enerjisinin tükənməsində idi. Digər tərəfdən xalqı düşündürən ən ciddi milli-sosial problemləri də söz tərkibi etibarı ilə türkləşdirilmiş qəzəllə deyilişinin geniş auditoriyası var idi. Bu janr muğamla həmahəng oxucu ilə yaxın ünsiyyət qurmağın ən optimal imkanlarını özündə ehtiva edirdi.
Son illərdə mətbuat orqanlarında dərc edilmiş konkret nümunələr göstərir ki, cənub poeziyasında qəzəl janrının inkişafı dayanmıb. Lakin milli-ənənəvi oyanış poetik düşüncəyə də yeni yön verib və qəzəl janrı bədii təsvir, poetik leksikon baxımından inkişaf edir”[7, s.175].
1970-80-ci illər Güney Azərbaycan poeziyasında neçə-neçə sənətkar bu janrdan (qəzəl janrından) istifadə edir, yeni nümunələr yaratmaq üçün əllərindən gələni əsirgəmirdilər. Həm də bu nümunələr əsasən ana dilində yaranırdı.
Cənubi Azərbaycanda ana dilində gözəl qəzəllər yazan sənətkarlardan biri Hüseyn Kərimidir. Hüseyn Kərimi qəzəlin qədim və zəngin formasından məharətlə istifadə etmiş, dəyərli nümunələr yaratmışdır. Bir nümunəyə baxaq:
Cahanda cahanı huşyar edən qələmdir, qələm,
Yatan camaatı bidar edən qələmdir, qələm.
Bu əsirdə bəşərin canını salan xətərə,
Başın bəlaya giriftar edən qələmdir, qələm[6].
Şair burada işlətdiyi metafor ilə istəyinə nail olmuş, yeni düşüncəli bir qəzəl yaratmışdır. Eyni zamanda Hüseyn Kəriminin bu qəzəli ilə tanış olanda onun ana dilimizə necə dərindən bələd olduğunun şahidi oluruq. Klassik Azərbaycan poeziyasında qəzəl janrının tarixi çox qədimlərə getsə də, 1970-80-ci illərdə yaranan qəzəllərdə şairlərin cəmiyyətin və xalqın ehtiyaclarına, arzu və istəklərinə uyğun qəzəllər yazdığının şahidi oluruq. Bunun özü də qəzəllə yeni ruh verirdi. “Bu dövrün qəzəllərində ənənəvi şeir anlayışı və mövzuları yanında, getdikcə aydın müəyyən edilməyə başlayan gerçək insani duyğuların, fərdi hiss və düşüncələrin, real həyat anlayışının əks olunduğu əsərlər ortaya çıxmağa başlayır. Təsvir edilən aşiq artıq xəyali bir varlıq deyil, canlı-qanlı gerçək bir insandır” [8, s.42].
Bəli, Cənubi Azərbaycan ədəbi prosesinin davamçıları qəzəl janrına qaydış fonunda az iş görmədilər. Bu sənətkarlar şöhrət xatirinə deyil, xalqa xidmət etmək üçün bu janrı qorumaq, yaşatmaq, gələcək nəsillərə layiqincə çatdırmaq məqsədilə meydana atıldılar. Onlar qəzəl janrına yeni ruh, yeni nəfəs verməyə çalışdılar. Bütün bu cəhdlər Cənub Azərbaycan ədəbi prosesində qəzəl janrının yeni bir mərhələyə qədəm qoymasından, yeni yaşam enerjisi qazanmasından irəli gəlirdi. Qəzəl janrı, eyni zamanda poetik deyim tərzi və leksikon baxımından inkişaf edir, müəyyən təkamül prosesi keçirirdi. Bu janrda yazan şairlərin çoxu bədii təsvir və ifadə vasitələrindən məharətlə istifadə edirdilər.
Gəlin çağdaş Cənubi Azərbaycan poeziyasına diqqət yetirək. Bu poeziyada qəzəl janrına müraciət etməyən, qəzəl janrında şeirlər yazmayan şair tapmaq çox çətindir. Bir sözlə, biz, çağdaş Cənubi Azərbaycan poeziyasının əhəmiyyətli qollarından biri də qəzəldir desək, yanılmarıq. Son illərin ədəbi nümunələrinə fikir verdikdə də bu janrın iinkişafdan qalmadığının bir daha şahidi oluruq. Çağdaş Cənubi Azərbaycan şairləri bu janrdan məharətlə istifadə edirlər. “Klassik Şərq poeziyası ənənələrinə sadiq qalan bu şairlər qəzəl janrının, eləcə də digər klassik şeir formalarına türk leksik-semantik vahidlərini gətirdilər. Ən çox da folklor nümunələrinə əsaslanmaqla əski üsluba formal yanaşmadan onu müasir şəraitdə bacarıqla istifadə edib, kanonik forma ilə aktual mövzunu ustalıqla birləşdirdilər”[7, s.173-174].
Düzdür, inqilabdan sonra yaranan ədəbiyyatda qəmgin notlar, ikiyə bölünmüş vətən həsrəti, bu faciədən doğan qəmkədər, ağrı-acı aurası yetərincə idi. Eyni zamanda qəzəl janrında yaranan şeirlərdə yeni forma, məzmun və mövzu axtarışlarının müəyyən mənada şahidi oluruq. Qəzəl inkişaf edir. Əsas məsələlərdən biri də həmin şeirlərin fars dili ilə bərabər, doğma ana dilində yaranması idi.
“1978-1979-cu illərin məlum ictimai-siyasi prosesləri zamanı Azərbaycan dilinin inkişafında xüsusi mərhələ başladı. Ana dili problemi mətbuat səhifələrində də baş mövzuya çevrildi. Dərgi və qəzetlərdə onlarla şairin dillə bağlı şeiri çap olundu. Ana dili mövzusunun işlənməsi bir məqama xidmət edir ki, bu da Azərbaycan dilinin yaşaması, inkişafı xalqın varlığını təsdiq edən amil olmasıdır. Dilin poetik əksinə isə hər şairin mənsub olduğu poetik üslubun məziyyətləri özünü büruzə verir. İstər bayatı, qəzəl, istərsə də sərbəst şeir formasında bu mövzunun işlənməsində eyni poetik ruh, ictimai-siyasi mövqe hakimdir” [7, s.182-183].
Ümumiyyətlə, ana dilini qoruyub saxlamaq, yaşatmaq Cənubi Azərbaycan şairlərinin qarşısında duran ən müqəddəs məsələlərdən biri idi. Bu dili qoruyanlar elə bu dil uğrunda da canlarından keçməyə hazır idilər.
Filologiya elmləri doktoru, professor Vüqar Əhməd “Cənubi Azərbaycan poeziyası” kitabında yazır: “Xalqın dünənindən, bugünündən və sabahından bəhs etmək üçün şairlərin tez-tez müraciət etdikləri mövzulardan biri də ana dili məsələsidir. Xalqın varlığının ümdə əlaməti, beynində, şüurunda, təfəkküründə qoruya-qoruya yaşatdığı doğma dilin uzun bir dövr üçün qayğıdan məhrum olmasında daim söz ustaları, söz sərrafları özlərini günahkar hesab edir. Ümumiyyətlə, insan elə bir varlıqdır ki, əcəb ətrafında baş vermiş mənfiliklərə, problemlərə görə ilk növbədə özünü qınaq obyekti olaraq seçirsə, bu onun xəlqiliyinə vətənpərvərliyinə, vicdanlı olmasına dəlalət edir” [3, s.52].
Cənubi Azərbaycan poeziyasında elə şairlər də vardır ki, onların yaradıcılığı, ümumiyyətlə, qəzəl janrındadır. Bu cür sənətkarlardan biri Rübab Səttaridir. O, 1978-ci ildə Ərdəbil vilayətində anadan olmuşdur. Onun “Ağlar” rədifli qəzəli bu janrın gözəl nümunələrindəndir:
Hansı sözlərdən söz açdın, dağ yanıb daş ağladı,
Hansı gözlərdən danışdın, göz də yox, qaş ağladı.
Hansı ulduz, hansı aysan, sən mələksən, nazənin,
Görcəyin, əsdi qələm, tər tökdü nəqqaş ağladı.
Bilmirəm Tanrı nə rəngilə yaratmışdır səni,
Qırmızı nar da utandı, gördü xaş-xaş ağladı[2, s.598-599].
Bu dövrdə sevginin ilahiləşdirilməsi məsələsi aparıcı olmasa da, sevgi mövzusunda şeirlər yazılır, bu mövzuya müraciət olunurdu. Eyni zamanda şeirdə tədricən yeniləşmə, müasirləşmə meyilləri ortaya çıxırdı. Fikrin poetik ifadəsi və üslub baxımından maraqlı nümunələr yaranırdı. Bir sözlə, Cənubi Azərbaycan poeziyası siyasi rejimin və sitemin təzyiqləri altında inkişaf edir, formalaşır və yenilənirdi. Bu mövzu haqqında elmi ədəbiyyatdan oxuyuruq:
“Güney Azərbaycan şeirlərinin yaradıcılığında qəzəl həmişə mühüm yer tutub. Bu qəzəllərdə çox zaman ərəb-fars sözləri, tərkibləri ilə yüklənmiş ənənəvi məhəbbət və dini mövzularla yanaşı, real həyati problemlər də geniş əks olunur. Şairlər şəxsi problemlərinin dar çərçivəsində qalmayıb, cəmiyyətin ehtiyaclarına diqqət yetirir, həyatdan doğan əsl həyəcanları öz şeirlərində ifadə edirlər. Bu deyilənlər Savalan, Sönməz, Həmid, Məhəmmədtağı Zehtabi və Bəhruz İmaninin yaradıcılığında daha çox nəzərə çarpır. Klassik Şərq poeziyası ənənələrinə sadiq qalan bu şairlər onu canlandıraraq yeniləşdirir, əksi üsluba formal yanaşmadan müasir şəraitdə ondan bacarıqla istifadə edib, kanonik forma ilə aktual mövzunu ustalıqla birləşdirirlər” [4, s.12].
Məlumdur ki, gündəlik həyatımızda, yaxınımızda, ölkədə və ya qonşu ölkələrdə baş verən ictimai-siyasi proseslər ilk növbədə poeziyada öz əksini tapır. İran İslam inqilabından sonra Azərbaycan dili də Cənubi Azərbaycanda bir müddət öz inkişafında yeni mərhələyə qədəm qoydu. Anadilli ədəbiyyatda da canlanma, oyanma müşahidə olundu.
1970-80-ci illərdə ana dilində yazılan qəzəllərin sayı artsa da, bu qəzəllərin çoxu işıq üzü görmür, çap olunmur, əlyazma şəklində itib-batırdı. Çünki rejim ana dilində yazılan bütün ədəbi nümunələrin qarşısını almağa çalışır, onların çapına icazə vermirdi. Dövrün tanınmış şairləri, yazıçıları, ümumiyyətlə, ziyalıları isə Cənubi Azərbaycanda ana dilinin inkişafı üçün əllərindən gələni əsirgəmir, hər kəsi bu dili qorumağa çağırırdılar.
Beləliklə, İran İslam İnqilabından sonra Güney Azərbaycan ədəbiyyatında, xüsusilə də poeziya nümunələrində millimənəvi dəyərlərin təbliği məsələsi önə çıxmışdı. Şairlərin əsərlərində qabartdığı əsas problemlərdən biri, bəlkə də birincisi ana dilinin saflığının qorunması məsələsi idi. Sənətkarlar poeziyanın köməyi ilə Azərbaycan türkcəsinə olan laqeyd münasibətə qarşı etiraz hissini ifadə edir, klassik poetik nümunələrdən ən çeviki və daha rahat əzbərlənəni olan qəzəl janrına müraciət edərək İrandakı yeni rejimin dil siyasətinin yalnış olduğunu bildirirdilər. Milli ruhun ana dilində ifadəsinin ən gözəl örnəyi sayıla bilən Əli Şərif Dilcuyi Adsızın “Dilim” rədifli, Məlihə Xayyırın “Susdum…”, Hüseyn Kəriminin “Qələm”, Rübab Səttarinin “Ağlar” rədifli qəzəllərində məhz həmin problemlər qaldırılır, həlli yolları təklif olunurdu. Bütün bu səylərə, şairlərimizin cəhdlərinə baxmayaraq, əfsuslar olsun ki, indinin özündə də ötən əsrin 80-ci illərində olduğu kimi Cənubi Azərbaycan poeziyasında ana dili məsələsi aktual mövzulardan biri kimi qalmaqdadır.
İstifadə edilmiş ədəbiyyat siyahısı:
1. Cənubi Azərbaycan ədəbiyyatı antologiyası: [dörd cilddə] / tərt. ed. Z.Əkbərov, M.Aslanov, T.Əhmədov [və b.] –Bakı: Elm, – c. 4. – 1994. – 404 s.
2. Cənubi Azərbaycan şeiri antologiyası / tərt. ed. V.Əhməd, D.Rzayeva –Bakı: Ecoprint, – 2018. – 671 s.
3. Əhməd, V. Cənubi Azərbaycan poeziyası (1950-2010) / V.Əhməd. –Bakı: MBM, – 2014. – 419 s.
4. Güney Azərbaycan Antologiyası (Çağdaş dövr) / tərt. ed. və ön söz P.Məmmədli –Bakı: TEAS Press, – 2015. – 362 s.
5. İbrahimov, M. Ümid və kədər poeziyası // –Bakı: Azərbaycan jurnalı, – 1988. № 4. – s. 134.
6. Kərimi, H. Qələmdir Qələm // Mahnı jurnalı, – Urmiya, – 2014, – s. 34.
7. Məmmədli, P. Cənubi Azərbaycanda ədəbi-bədii prosesin inkişaf mərhələləri / P.Məmmədli. –Bakı, – 2021. – 318 s. 187
8. Yavuz, A. Azeri edebiyyatı araştırmaları / A.Yavuz. – İstanbul: Dergah yayınları, –1994. – 514 s.
Açar sözlər:
Cənubi Azərbaycan, Hüseyn Kərimi, Əli Şərif Dilcuyi Adsız, Məliha Xayyır, Rübab Səttari.
* AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, doktorant. Bakı ş. İstiqlaliyyət küç.26. e-mail: sabir.alim80@gmail.com