Qədim Azərbaycan Manna dövlətində yazı və dil mədəniyyəti
Vahid ÖMƏROV,fəlsəfə üzrə fəlsəfə doktoru
Məlum olduğu kimi, milli dövlətçilik və milli-mənəvi dəyərlər, adət-ənənələr arasında sıx daxili əlaqə vardır. Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərin aşağıdakı tərkib hissələrini göstərirdi: dil, din, adət-ənənə və milli mentalitet. Dahi şəxsiyyət dövlət quruculuğu və idarəçiliklə yanaşı, milli ideologiyamızın "tarixi keçmişimizlə, millətimizin adət-ənənələrilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır" fikrini xüsusi vurğulayırdı.
Məlum olduğu kimi, milli dövlətçilik və milli-mənəvi dəyərlər, adət-ənənələr arasında sıx daxili əlaqə vardır. Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərin aşağıdakı tərkib hissələrini göstərirdi: dil, din, adət-ənənə və milli mentalitet. Dahi şəxsiyyət dövlət quruculuğu və idarəçiliklə yanaşı, milli ideologiyamızın "tarixi keçmişimizlə, millətimizin adət-ənənələrilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır" fikrini xüsusi vurğulayırdı.
AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun qeyd etdiyi kimi, "milli müəyyənliyi olmayan və özünü bir millət kimi dərk etməyən xalqın milli dövlətə də ehtiyacı ola bilməz. Belə ki, milli dövlət, bir tərəfdən ərazinin və iqtisadi sərvətlərin qorunmasına xidmət edirsə, digər tərəfdən və daha çox dərəcədə milli-mənəvi dəyərlərin qorunması və müstəqil inkişafının təmin olunması məqsədi daşıyır".
Bu mənada, qədim Azərbaycan Manna dövlətində dil, din, adət-ənənə, bir sözlə, mənəvi mədəniyyət haqqında məlumatlar da öz əksini tapmışdır.
Qədim Mannada yazı və dil haqqında akademik Ziya Bünyadov və Y.Yusifov yazırlar ki, hələ e. ə. III minillikdə Cənubi Azərbaycanda mixi yazı növü ilə tanış idilər. Mixi yazını oxuyan və bu yazı ilə hökmdara məxsus abidələrə mətn yazan mirzələr vardı. Ola bilsin ki, Urmiya gölü hövzəsi ölkələrində məktəblər mövcud olmuş və burada mixi yazı növü də öyrədilirmiş. Mannada da mixi yazını oxuyan mirzələr varmış. Qaynaqların birində mannalı mirzə yad edilmişdir.
Yəqin ki, Mannada yerli yazı növləri də olubmuş. Ziviyədən tapılmış gümüş sini üzərində bir çox heroqlif yazı növünə mənsub işarələr həkk olunmuşdur. İşarələrin çoxluğu və müxtəlifliyi göstərir ki, bu işarələr oxunurmuş. Bəzi işarələr, çox güman ki, rəqəm bildirirmiş. Buna oxşar mətnlər tapılmamışdır. Müqayisə üçün digər mətnlərin olmaması bu heroqliflərin oxunmasını çətinləşdirir. Beləliklə, fərz etmək olar ki, Mannada erkən yazı növü olan heroqliflərdən istifadə edirdilər. Mannada mövcud olan, yaxud işlənən digər yazı növü barədə heç bir iz qalmamışdır. Məlumdur ki, Manna hökmdarı Ullusunu II Sarqonun şərəfinə abidə qoydurmuşdu. Çox güman ki, abidənin mətni Manna yazısı ilə mannalıların dilində tərtib olunmuşdu. Bu abidə, hələlik, aşkar edilməmişdir. Mannalıların dili barədə heç bir məlumat qalmamışdır. Burada hurri, İran, türk və başqa dillərin işləndiyi barədə mülahizələr mövcuddur. Bu mülahizələr yer və şəxs adlarının təhlilinə əsaslanırdı. Burada hurri etnoslarının təmsil olunması yer və şəxs adlarının tam təhlilinə əsaslanmır, sadəcə, bəzi komponentlərin oxşarlığı dəlil kimi götürülmüşdür. Mannada İrandilli etnosların olmasını bir neçə yer adları bildirir. Lakin son zamanlar Mannada hökmdar və yer adlarının türk mənşəli olması barədə əsaslı mülahizə və dəlillər irəli sürülmüşdür.
Hələ Aratta dövründə ölkənin adı ilə bağlı burada türk mənşəli əhalinin yaşaması barədə mülahizə irəli sürülmüşdü. Aratta ölkə adı ən qədim türk dillərində "dağ, dağlıq ölkə" mənasında işlədilirdi. E.ə. VIII əsrdə həmin ərazi Alateye "dağ, dağlıq ölkə" adlanırdı. Aratta və Alateye yer adlarında r~l fonetik əvəzlənməsi müşahidə olunur. Müasir türk dillərində Alataa, Alatuu, Alatey oronimləri işlədilir. Aratta və Alateye yer adları ancaq ən qədim türk (prototürk) dilləri əsasında meydana gələ bilərdi. Ən qədim türk etnoslarının burada yaşamasını turukki//turuki etnik adının bu əraziyə tətbiq olunması da göstərir. Turukki adı "türk" etnoniminin ilkin forması idi.
Mixi yazılarda Manna ərazisi ilə əlaqədar təsadüf olunan bir sıra yer adları türk dillərində izah olunur. Uişdiş dağlıq vilayəti vişdiş//bişdiş sözünü təmsil edir və "beş diş" mənasını daşıyırmış. Urartu yazısı bunu Uqiştini kimi qeyd etmişdir. Onun Uyiştini//Byiştini forması bərpa edilir və türk dilləri (qədim türkcədə tinq "uca, dik, zirvə") əsasında "Beş dik", "Beş zirvə" kimi mənalandırılır. Mixi yazılarda Uişdiş adının Uişda ("beş dağ") variantı da işlədilmişdir. Da//ta türk dillərində "dağ" mənasını bildirir. Orta əsrlərdə, güman ki, həmin dağ "beş barmaq" adlanırdı. Uşkaya qalası dağ keçidi üzərində tikilmişdi və buna dağın coğrafi şəraitinə uyğun olaraq "Üçqaya" adı verilmişdi. Mixi yazılarda yad edilən "Göydən bulud kimi sallanan üç dağ zirvəsi" anlayışına uyğun gəlir. Bu toponim, eyni zamanda, Aşkaya şəklində işlədilirdi və "Aşuqaya", "aşırım qaya" (türk dilində aşu "keçid, aşırım") mənasını daşıyırmış. Meişta//Mesa dağlıq ərazisi "İti zirvəli dağ" adına uyğun adlandırılmışdı. Türk toponimiyasında "mes" dağın iti zirvəsi deməkdir. Arsita "Arsi dağı" mənasını bildirirmiş. Son adlardakı "ta" sözü türk dillərində "dağ" mənasında işlədilir. Arsiyaniş "Arsi (dağı) yanı", yaxud "Arsi (dağı) yenişi" mənasını verirmiş. İştatti şt/ss fonetik əvəzlənməsinə uyğun İssatti kimi bərpa olunur və türk dilləri əsasında "İsti/issi yer", "Odlu yer" kimi mənalandırılır. Bu toponimin müqabili Atranu adlanır və İran dillərində "Od yeri" kimi izah olunur. İştaraura//İssaraura "İsti//issi çay" kimi mənalandırılır. "Raura" sözü qədim İran dillərində "çay" deməkdir. Orta əsrlərdə bu çay farsca "Gərm yud", yəni "isti çay" adlandırılırdı. Bara yer adı "qoyun-quzu saxlanılan yer" mənasını daşıyırmış. Bərə sözü indi də Azərbaycan dilində həmin mənada işlənir. Sanqibuti altay-türk dillərində "Üçayaqlı dağ qolu" mənasında işlədilir.
Sanqibuti Bara vilayətinin digər adı idi və qaynaqların məlumatına görə, burada hökmdar sürüləri saxlanılırdı. "Üçayaqlı dağ qolu" isə qoyun-quzu saxlamaq üçün əlverişli təbii istehkam idi. Mannada vilayət adı Surikaş altay-türk mənşəli süüri "itiuc" (altayca), kaş "qaş, dağətəyi, silsilə" (türkcə) sözləri əsasında izah edilir və "itiuclu dağ ətəyi, silsiləsi" kimi mənalandırılır. Sirdakka qala adı türk dillərində işlədilən sırt "yastı yüksəklik, dağ silsiləsi, yastı dağ yalı" coğrafi məfhumu ilə uyğunlaşdırıla bilər. Məlumdur ki, qalalar yastı dağ yüksəkliklərində tikilirdi. Mannanın paytaxt qala şəhəri İzirtu, yaxud Zirtu adı da eyni (s~z əvəzlənməsi) mənanı daşıyır. Qizilbunda//Qizilbuda türk dillərindən qizil "qızıl qırmızı" və bunda//buda "bud, dağ qolu, təpə" kimi izah oluna bilər. Toponim "qırmızı dağ qolu, qırmızı təpə" mənasını daşıyırmış. Andirpatianu yer adı türk coğrafi məfhumu adir "dağ silsiləsi, təpəli dağ sırası, erroziyalı dağ silsiləsi" sözünü özündə əks etmişdir. Coğrafi baxımdan Andirpatianu Qizilbundaya yaxın idi və bəlkə də eyni əraziyə verilən müxtəlif adlar olmuşdur. Uaşdirikku toponimi uaş//vaş (türk. "baş, uca") və dirik (türk "tarak, daraq") söz birləşməsindən əmələ gəlmiş və "baş daraq", yəni "uca, çoxdişli (daraq şəkilli) dağ" mənasını daşıyırmış. "Tarak" türk toponimiyasında çoxdişli dağ yüksəkliyini, dərə-təpəli dağ sırasını bildirirdi. Tarui və Tarmakisu qala adları müvafiq surətdə türkcə tarau "dağ qolu", yaxud "çay ayrımı, çay qolları", tarim isə "çay qolu, çay sahili, qollara ayrılmış gölə, yaxud səhraya axan çay" mənasını bildirirmiş. Yəqin ki, bu qalalar çaylara yaxın yüksəkliklərdə salınmış və çayların mənzərəsini bildirən məfhum ilə adlandırılmışdır. Qədimdə (və sonralar) yer adları təbii coğrafi mənzərəni əks etdirirdi və əhali tərəfindən müvafiq surətdə yaradılırdı. "Lallu" çay, "lallarip" tayfa adları türk mənşəli "lal" sözü, "-lu" və "-lar" şəkilçiləri vasitəsilə əmələ gəlmişdir. Edir çay adı bəzi türk dillərində "Edil (r~l əvəzlənməsi) şəklində Volqa çayına, Buya çayı adı isə sonralar "Biya" şəklində Yenisey çayının qollarına şamil edilmişdir.
Beləliklə, Mannada əhalinin başlıca dili ən qədim türk dili olmuşdur. Yer adlarında təmsil olunmuş sözlər ümumtürk leksikasına mənsub idi. E.ə. III-I minilliklərdə Cənubi Azərbaycan ərazisində türk dillərində danışan etnoslar (yerli əhali) yaşayırdılar və onlar hakim türk sülalərinin əsasını qoymuşdular. Manna hökmdarlarının adları da türk dillərində izah olunur. Manna vilayəti hökmdarının adı ata, yəqin ki, "ata, başçı" mənasını daşıyırmış. Ullusunu adı türk dillərində işlənən ullu//ulu "böyük, ulu, əzəmətli" sözünün və "sun" sifət şəkilçisinin birləşməsindən əmələ kəl-miş və "Ən böyük", "ən ulu, yaxud "ulu adam" mənasını daşımışdır. Manna hökmdarının oğlunun adı isə Erisinni idi. Türk dillərində ir//er//ər sözü "ər, kişi, qoçaq, igid" mənasını daşıyır. Səs harmoniyasına uyğun olaraq şəkilçi "-sin" kimi işlədilmişdi. Erisinni "igid adam", "ən igid" mənasını) bildirirmiş. Ola bilsin ki, Ullusunu və Erisinni adları ləqəb olmuşdur. Manna canişini Telusini adlanırdı. Ola bilsin ki, bu ad "Tele (tayfasına mənsub) adam" mənasını daşıyırdı. Tele altay-türk tayfa adı idi. Ahşeri adı eri "ər, kişi, qoçaq cəsur" və axs//axş "axsaq ləng", yaxud aşex "alçaq, mənfur" türk sözlərinin birləşməsindən əmələ gəlmişdir. Belə halda Ahşeri adını "Ləng ər", yaxud "Mənfur ər, adam" kimi mənalandırmaq mümkündür. Yada salaq ki, Ahşeri mannalıların qəzəbinə düçar olaraq öldürülmüşdü. Ahşeri yəqin ki, hökmdara verilmiş ləqəb idi. Onun hakimiyyətə gələn oğlu Ualli adını daşıyırdı. Ad Ballı kimi bərpa olunur və türk dillərindəki bal sözü və -lı şəkilçisi ilə eyniləşdirilir. Ballı "ballı, şirin" kimi mənalandırılır. Bu adın hind-Avropa mənşəli müqabilini Manna canişini Metatti daşıyırdı. Hind-Avropa dillərində met/myod "bal" mənasını verirdi, -tti isə -li şəkilçisinin fonetik variantı imiş. Eyni şəkilçi digər canişin Baqdattinin adında da əks olunmuşdur. Adın əsasını türk-monqol dillərində işlədilən bağda-boqda "müqəddəs" antroponimi təşkil edirmiş. İranzu adı iran "cəsur, ər, kişi, qoçaq" sözündən, yaxud İr tayfa adından an mənsubiyyət şəkilçisindən və zu(n) "adam, kişi" söz birləşmələrindən əmələ gəlmiş, "Ən cəsur adam", yaxud "İr (tayfasına) mənsub adam" mənasını daşımışdı.
Kimmerlərin etnik və dil mənsubiyyəti barədə dəqiq məlumat qalmamışdır. Son zamanlar kimmerlərin skit-sak tayfalarına mənsubluğu və irandilli olması mülahizəsi ortaya atılmışdır. Lakin bu, onların İran mənşəli olmasına əsas vermir. Eyni zamanda, kimmer adını İran dilləri əsasında "hərəkət edən dəstə" kimi də mənalandırırlar. Bu süni oxşatma inandırıcı deyil. Kimmerləri Qafqaz mənşəli də hesab edirdilər. Kimmer adı Qara dəniz sahili toponimlərində "Kimmeriya", "Kimmerik", "Kimmer Bosforu" (indiki Kerç boğazı) kimi əks olunmuşdur. Deməli, "Kimmer" bu tayfalara kənardan verilmiş ad ola bilərdi. Bəzən Qafqaz dillərində kım//kam "baş, zirvə" mənasını saxlamışdır. Onda "kimmer", ola bilsin ki, "baş ərlər" mənasını daşıyırmış. Qədim türk dillərində kam "şaman" mənasında işlədilmişdir. Çox güman ki, kim-mer "şaman ər" mənasını bildirirmiş. Kimmerlərin türk mənşəli tayfalara mənsub olması barədə erkən orta əsr Bizans qaynaqları məlumat verir. Prokopiyə görə, hunlar qədimdə "kimmer" və "massaket" adlanırdılar. Hun tayfaları isə, əsasən, türkmənşəli olmuşlar.
"Skit" adı mixi qaynaqlarda işquz//aşquz şəklində əks olunmuşdur. Dəqiq mənası məlum deyil. Bu etnonimi iç quz// iç oquz ("içəri quz", "içəri oquz") kimi də mənalandırmışlar. Bu oxşatma oğuzların tarixini daha qədimə aparır. Skitlər etnik tərkibinə görə müxtəlif olmuşdur. Onların içərisində türk, İran mənşəli etnoslar var idi. Sak, massaket, sarmat, türk tayfaları qaynaqlarda bəzən skit anlayışı altında birləşdirilirdi. Feofen Simokatta türkləri skit xalqı kimi qələmə vermişdi. Strabon məlumat verir ki, skitləri həm də sak adlandırırdılar. Eyni zamanda, o, Homerin adını çəkdiyi "hippomolqi", yəni "madyan sağanlar" tayfasını skitlərə mənsub edirdi. Həqiqətdə bunlar sak tayfaları imiş. Sak etnonimini osetin dilindəki sak "maral", fars dilindəki sək "it" sözləri ilə eyniləşdirirdilər. Sak adı, yəqin ki, qədim türk saq "sağmaq" felinin isim formasından əmələ gəlmişdir və ilkin mənası (madyan) "sağan" olmuşdur. Saklar, əsasən, türkmənşəli etnoslar idi. Menandrın dediyinə görə, türklər qədimdə sak adlanırdı. Beləliklə, e.ə. VIII əsrin sonu - VII əsrin əvvəlində Azərbaycana şimaldan gəlmiş bu tayfalar arasında, əsasən, türk mənşəli etnoslar təmsil olunmuşdular.
Adətən, qədim tayfalar yer dəyişən zaman qohum etnosların yanında məskən salırdılar. Kimmer, skit və saklar məhz yerli əhali ilə dil qohumluğuna görə Mannada və Arazın şimal hissəsində məskunlaşmışdılar. Burada türkdilli etnosların yaşaması kənar ölkələrdə yaşayan türk tayfalarının Azərbaycana axınana şərait yaradırdı. Yazılı tarixdən məlum olan türkdilli tayfaların Azərbaycana, dil cəhətdən qohum olan etnosların yanına ilk axını kimmer, skit və sak tayfalarının yerdəyişməsi ilə bağlıdır.
Beləliklə, qədim Mannada yazı və dil mədəniyyəti xalqımızın qədim dilə malik olduğunu sübut edir. S.Xəlilovun dediyi kimi, böyük dil o dil sayılır ki, onun qoynunda bütün peşəkar fəaliyyət sahələri sərbəst inkişaf elə bilsin: "Bizim dilimiz əsrlərin sınağından çıxaraq, bir sıra istiqamətlərdə peşəkar dil üslublarını özündə ehtiva edə bilmişdir. Ədəbi dilimizin böyük daxili potensialı və zəngin söz ehtiyatı, habelə, tarixin ayrı-ayrı dövlətlərindəki dövlətçilik ənənəmiz bu gün bizim heç bir başqa dilə müraciət etmədən bütün fəaliyyət sahələrini əhatə edən mükəmməl milli dil səviyyəsinə qalxmağımıza imkan verir".
Böyük dövlətçilik təfəkkürünə malik Ulu Öndər Heydər Əliyev demişdir: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, böyük gələcəyə malikdir. Ona görə də, xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur".
Səs.- 2012.- 25 iyul.- S.14.