ائلچین ELÇİN

تورک دیلی و ادبیاتی

Pinəçi- Rəfiq xalid karay

+0 بگندیم

Pinəçi

Rəfiq Xalid Karay

  Gəmi sahildən ayrılıb da Marmaraya doğru uzaqlaşmağa başlayınca yolçunu ötürməyə gələnlər, üzərlərindən ağır bir yük götürülmüş kimi sevindilər: "Uşaqcığaz Ərəbistanda rahatlayar" dedilər, xeyirli bir iş gördüklərinə hər kəsi inandırmış olmanın uydurma sevinciylə, ancaq könülləri hisli, evlərinə döndülər.

   Öncə atadan yetim qalan kiçik Həsən, anası da ölüncə uzaq qohumları və qonum qonşunun yardımıyla xalasının yanına, Fələstinin ucqar bir qəsəbəsinə göndərilirdi.

   Həsən gəmidə əyləndi; qır qır işləyən bucurqadlara, üstləri yazılı təcili yardım simitlərinə, qurudulacaq paltarlar kimi iplərə asılı qayıqlara, növbə dəyişdirilərkən çalınanan zəngə baxaraq çox əyləndi. Beş yaşında idi; pəltək, şirin danışmalarıyla da göyərtədə yolçuları çox əyləndirmişdi. Fəqət gəmi, oraya bura uğrayıb bir çox yolçu buraxdıqdan sonra isti məmləkətlərə yaxınlaşınca özünü bir durğunluq aldı. Qalanlar bilmədiyi bir dildən "Həsən gəl! Həsən get!" demirdilər; adı dəyişər kimi olmuşdu. Həssən şəklinə girmişdi.

"Təal hona ya Həssən!" deyirdilər. Yanlarına gedirdi.

"Ruh ya Həssən…"deyərlərsə uzaqlaşırdı.

   Heyfaya yetişdilər və onu bir qatara mindirdilər.

   Artıq ana dili büsbütün eşidilməz olmuşdur. Həsən bucağa büzüldü; bir şeylər soruşan olsa da susurdu, yanaqları pəncə pəncə, al al olaraq susurdu. Portağal bağçalarına dalmış, köksündə bir qatılıq, qırtlağında loxmasını uda bilməmiş kimi bir sərt düyün, həmişə susurdu. ancaq həm bütünü ilə çiçək açmış, həm yemişlərlə bəzənmiş gözəl,islaq bağçalar da tükəndi; zeytunluqlar  da seyrəkləşdi.

   Yamaclarında keçilər otlayan quru, yalçın, çılpaq dağlar arasından keçirdilər. Bu keçilər qapqara, xalsız qara idi; tükləri yeni avtomobil boyası kimi aynamsı bir cila ilə, qızğın günəş altında, fırıl fırıl yanırdı.

   Bunlar da bitdi; göz ala bildiyinə uzanan bir düzlüyə çıxmışlar idi; nə ağac vardı, nə dərə, nə ev! yalnız ara sıra qocaman qocaman heyvanlara rast gəlirdilər. Çox uzun qıçlı, çox uzun boylu, kürəkləri qabarıq, donqar heyvanlar qatara baxmırdılar belə… Ağızlarında ağımtıl bir köpük çeynəyərək, dalğın və küskün arxa arxaya, ağır ağır yumşaq yumşaq, iz buraxmadan və toz çıxarmadan gedirdilər.

Çox səbr etdi, dözə bilmədi, yanındakı əsgərə barmağını göstərərək soruşdu; o güldü:

"Cəməl! cəməl!" dedi.

   Həsəni bir stansiyada endirdilər. Boyunundan, alınından, qollarından və qulaqlarından biçim biçim, sürü sürü qızıllar sallanan qara çarşaflı, qara çatıq qaşlı, qara iri xallı bir qadın köksünə basdırdı. Anasınınkına bənzəməyən, qəribə qoxulu, çox yumşaq, içinə basdırılan cansız bir köks…

"Ya həbibi! Ya eyni!"

   Xalasının yanındakı qadınlar da sarıldılar, öpdülər, söyləşdilər, gülüşdülər. Bir çox uşaq da gəlmişdi; köynəklərinin üstünə xırqa yerinə pencək geymiş, saçları pərçəmli, başları tərlikli uşaqlar…

Həsən durğun, tıxanıqdı; susur, susurdu. Elə, həftələrcə susdu.

   Anlamağa başladığı Ərəbcəni, kiçik beynində meydana çıxan bir inadla danışmayaraq susdu. Daha böyük bir təhlükədən qorxaraq dəniz altında nəfəs almamağa çalışan bir adam kimi tıxandığını duyurdu, yenə susurdu. həmişə susdu.

   İndi onun da qurşaqlı köynəyi, pencəyi, tərliyi, qırmızı papışları vardı. Saçlarının ortası, əl ayası qədər sıfır nömrə maşın ilə kəsilmiş, alınına pərçəmlər uzadılmışdı. Dəri kimi sərt, yastı təndir çörəyinə alışmışdı; yer süfrəsində bunu qaşıq ilə çəngəl yerinə tikələyərək istifadə etməni bacarırdı.

   Bir gün xalası küçədən qışqıraraq keçən bir satıcını çağırdı.

   Evin həyətinə kürəyində çuval qablı bir yastı torba, əlində bir kiçicik stul və uzun bir dəmir parçası, dağınıq qılıqlı bir adam girdi. Torbasında da müqəvva kimi bükülmüş bir tomar dururdu.

   Danışdılar, sonra önünə bir çox partlaq, sökük, parça parça ayaqqabı düzdülər. Satıcı stuluna oturdu; Həsən də maraqla qarşısına keçdi. Bu dörd yanı divarlı, tək qat, basıq və torpaq evdə elə canı sıxılırdı ki… Çaşaraq, əylənərək seyr edirdi: Müqəvvaya bənzətdiyi qalın dərini iki tərəfi iti incəcik sapsız bıçaqı ilə kəsişinə, ağızına bir ovuc mismar dolduruşuna, sonra bunları bir-bir, İstanbulda gördüyü meymun kimi ovurdundan çıxarıb ayaqqabıların altına tez tez mıxlayışına, dəri parçalarını pis bir suya qoyub islatışına, mundar çanaqdakı məcuna barmağını salıb dabanlarına sürüşünə, hamısına baxırdı. Susur və baxırdı.

Bir aralıq harada və kimlərlə olduğunu yaddan çıxartdı, dalğınlığından ana diliylə soruşdu:

"Mismarlar ağızına batmazmı sənin?"

Pinəçi başını heyrətlə işindən qaldırdı. Uzun uzun Həsənin üzünə baxdı:

"Türk uşağısanmı bə?"

"İstanbuldan gəldim."

"Mən də o tərəflərdən… İzmitdən!"

   Pinəçidə saç saqqal dağınıq, köks, bağır açıq, şalvarı dizlərdən yamaqlı, dişləri əskik və sifəti sarı, sapsarı idi; gözlərinin ağına qədər sarı idi. Türkcə bildiyi və İstanbul tərəflərindən gəldiyi üçün Həsən, indi onun sadə işinə deyil, üzünə də diqqətlə baxmışdı.

Köksünün ortasında, eynilə çənəsindəki saqqalı xatırladan qırcıl, seyrək bir tutam qıl vardı.

Dişsizlikdən pəltək çıxan bir səslə təkrar soruşdu:

"Nə deyə düşdün bu cəhənnəmin ortasına sən?"

   Həsən anladığı qədər izah etdi. Sonra Kanlıcadakı evlərini təsvir etdi, qonşusunun oğlu Mahmudla balıq tutduqlarını, anası doktora gedərkən tünelə mindiklərini, bir kərə də qapıya ağ boyalı xəstə avtomobili gəldiyini, içində yataq sərili olduğunu söylədi. Bir aralıq da özü soruşdu:

"Sən niyə buradasan?"

O biri başını və əlini belə yellədi: Uzun iş mənasına… Və mırıldandı::

"Bir qəbahət işlədik də qaçdıq!"

   Əsl danışan Həsən idi, altı aydan bəri susan Həsən… Dayanmadan, dinlənmədən, nəfəs almadan, yanaqları sevincindən gül-gül, dodaqları titrəyərək təzə, kövrək, büllur səsiylə durmadan danışırdı. Ağılına nə gəlirsə söyləyirdi. Pinəçi həm çalışır, həm də hərdənbir "Ha! Ya! Eləmi?…" kimi dinlədiyini bildirən sözlərlə onu söylədirdi; artıq çata bilməyəcəyi yurdunun bir dərəsini, bir küləyini, bir türküsünü dinləyirmiş kimi həm zövqlü, həm yaslı dinləyirdi; keçmiş günləri, itirdiyi yerləri düşünərək mənliyi sarsıla sarsıla dinləyirdi.

   Daha çox dinləmək üçün də əlini ağır tuturdu. Ancaq sonunda bütün ayaqqabılar təmir edilmiş, iş bitmişdi. Dəmirini torpaqdan çəkdi, kosalasını bükdü, mismar qutusunu bağladı, çiriş çanağını sarmaladı. Bunları hamısını ağır ağır etdi.

Həsən, ürəyi burxularaq soruşdu:

"Gedirsənmi?"

"Gedirəm ya, işimi bitirdim."

   O zaman gördü ki kiçik uşaq, həmyerlisi, balacığaz ağlayır… Səssizcə, titrəyə titrəyə ağlayır. Yanaqlarından gözyaşları bir-biri arxasına, təmiz vaqon pəncərələrindəki yağış damlaları; çölün rəngini keçirən mənzərələri içinə alaraq necə tələsik tələsik, sarsıla çarpışa tökülsə elə, bağrının sarsıntılarıyla yerlərindən oynayaraq, vuruşaraq içlərində günəşli mavi göy, pırıl pırıl axır.

"Ağlama bə!.. Ağlama bə!"

   Pinəçi başqa söz tapa bilməmişdir. Bunu eşidən uşaq hıçqıra hıçqıra, qatıla qatıla ağlamaqdadır. Bir daha Türkcə danışacaq adam tapa bilməyəcəyinə ağlamaqdadır.

"Ağlama deyirəm sənə! Ağlama!.."

   Bunları deyərkən onun da qatı, bərkimiş ürəyi yumşalmış, şişmişdi. Qabağına keçməyə çalışdı, ancaq edə bilmədi, özünü tuta bilmədi, gözlərinin dolduğunu və saqqallarından axan yaşların -Ərəbistan istisiylə yanan qızğın  köksünə- bir mənbə sızıntısı qədər sərin, ürpərdici, töküldüyünü duydu.

Köçürən: Abbas Elçin

 

 


آچار سؤزلر : تورکجه, تورک دونیاسی, دیل, آنادیلی, تورکیه ادبیاتی,