ائلچین ELÇİN

تورک دیلی و ادبیاتی

Milliləşmək- Ömərfaiq Nemanzadə

+0 بگندیم

Milliləşmək 

Canlı işlər, tarixi dəyişikliklər bizə göstərir ki, hər cəmiyyət, hər fərd, hər dürlü ənənəsindən, müqəddəsatından, imkan və etiqadından az-çox əl çəkdiyi halda milli dilindən əsla və əsla vaz keçməmişdir. Və heç vaxt da keçəməz. Çünki hər millətin ədəbiyyata malik dili o millətin ruhu, nişaneyi-mövcudiyyətıdır. Ondan məhrum olduğu gün mərhum olmuş, ondan uzaqlaşdığı gün qəbrinə yaxlaşmış deməkdir.

Tarix bizə göstərir ki, bir millətin cahangirliyi, hökuməti, hətta yeri-yurdu da əlindən alınsın, madam ki, milli ədəbiyyatı var, o millət məhv edilməz. Dili kəsilməyən millətin vücudu kəsilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz.

Dünyada bədbəxt o millətdir ki, özgə millətin silahından ziyadə dil və ədəbiyyatına əsir olaraq yaşamaqdadır. Hələ, zəmanəmizdə milli ədəbiyyatına malik olmayan bir millətə həddi-rüştə çatmamış bir bala nəzərilə baxıb cəmiyyəti-əqvam ailəsinə qəbul edilməməsi, öz müqəddəratının özünə verilmək istənilməsi bizim kimi öz dil və ədəbiyyatını sevməyənlər üçün nə gözəl bir dərsi ibrətdir.

Əlifba və ədəbiyyatlarının mövcudiyyəti min il qabaqlara çıxaran və bununla köhnə bir mədəniyyətə sahib olduqlarını iddia edən millətlər boş görüntü üçün deyil, iştə bu gün üçün, bugünkü cəmiyyəti-əqvamın imtahanı üçün hazırlanırlardı. Və bu gün də özünü qanan hər millət səbilikdən qurtulmaq, həddi –rüştə çatmaq və ya onu keçib mərtəbeyi-əhəmiyyətə yetişmək üçün bütün var qüvvələrini milli dil və ədəbiyyatlarının tərəqqisinə sərf etməkdə və bu səyin dərəcəsi nisbətdə istibdad və cəhalətin pəncəyi-zalimindən qurtulub hürriyyət və müsavata nail olmaqdadırlar. Çünki bu gün ən acı təcrübələrdən sonra qəti və müsbət bir həqiqət olaraq qəbul edilmişdir ki, insanları qara cəhalətdən, istibdaddan xilas edən yalnız və yalnız ədəbiyyatdır.

Müstəbid hökumətin, keyfi İdarənin, zalimanə üsulun ən böyük düşməni ədəbiyyatdır. Ədəbiyyat olan yerdə istibdad, istibdad olan yerdə ədəbiyyat yaşıyamaz. Bu səbəblə idi ki, müstəbid və zalım padşahlar keyfi idarələrinin bəqayi-davamı üçün ən ziyada müraciət etdikləri tədbir ədəbiyyatı qısmaq, hürr mətbuatı yox etməkdi.

Milli ədəbiyyatın silahdan min kərə güclü, əhəmiyyətli olduğunu bu gün hər dürlü qail və keşməkeşlər içərisində ola-ola ən ziyadə qeyrət və səylərini milli ədəbiyyatın tərəqqisinə, ülumun nəşrinə sərf edirlər. Çünki yaxşı bilirlər ki, xalq hürriyyət və müsavatın qədrini, ləzzətini ancaq və ancaq öz milli dilləri ilə anlaya bilərlər. Və yenə ancaq bu anlayışla hürriyyət və istiqlalın mühafizəsi uğrunda fədayi-can edə bilərlər.

İştə bu düşüncələrə görədir ki, bu gün xüsusiyyəti-milliyyənin yeganə şüarı olan “milli dil”in mühafizə və tərəqqisi uğrunda ən ziyadə çalışanlar sosialistlərdir. Bu isə onlar üçün təbii bir qüsur deyil, bəlkə fəzilətdir.

Doğrudan da görürüz ki, dil məsələsində ən mütəəsib millətçilik edənlər yarımmədəni hindlilər, əfqanlar, türkmanlar deyil, mədəni ukraynalılar, polyaklar, bolşevik ruslar, sosialist gürcülərdir.

Əcəba biz nasıl?

Burada türkcəmizin göyçəkliyindən, türk ədəbiyyatı tarixindən bəhs edəcək deyiləm. Ancaq burasını yada salmaq istəyirəm ki, fransız dili Qərbdə nə isə, Yaxın Şərqdə də türk dili odur.

Qərbdə fransız dili nə cür ümumi dil xidmətini görürsə, Yaxın Şərqdə, yəni Qafqaziyada, İranın yarısında, Türkistanda, Rusiyanın cənubi qərbində, Krımda, Anadoluda, Rum elində, Suriyada, İraqda türk dili öyləcə ümumi dil vəzifəsini görür. Oralarda bir türk bir arpavuza, bir ərəb bir kürdə, bir iranlı bir gürcüyə, bir erməni bir ruma, bir yəhudi bir assura məram anladacağı zaman mütləq türkcə söyləməyə məcburdur. Çünki onların heç biri o birinin dilini bilməz, lakin hər kəs az-çox türkcə bilir.

Türk dili oralarda bütün dillərə hakimdir. Türkcənin bu hakimiyyəti qarşısına imdiyə qədər heç bir dil çıxmamışdır. Hərçəndi bir vaxt ərəb və fars dilləri osmanlıların az bir qisminə, onların rəsmi yazılarına hakim olmuşdur. Lakin heç vaxt ümumi xalqa, xalq ədəbiyyatına hakim olmamış və ola bilməz də. Türk dilinin Yaxın Şərqdəki hakimiyyətinə şahidlər axtarmaq lazım deyil, onunla danışan 60-70 milyonluq böyük bir kütlənin şahidliyindən daha möhkəm nə ola bilər?

Türkcənin yazı və mətbuat aləmindəki zəifliyinə gəlincə bundan qüsur, bəzilərinin sandığı kimi, türkcənin özündə, onun əskik və qabalığında deyil, başına bəla etdiyi əlifbasındadır. Doğrudan da türkcəmizə danışıq və ahəngini olduğu kimi göstərməyə, yazmağa əslayaramayan ərəb əlifbasını qəbul edəndən sonra öz varlığını, öz istiqbalını itirmiş və bu günə qədər ərəbliyə əsir olaraq həqiranə ömür sürmüşdür.

Vaxtdır ki, həqiqi, ictimai bir inqilab ilə dilimizi bugünkü yaramaz və çirkin əlifba əsirliyindən qurtarıb öz təbiətinə, öz istiqlalına uyğun bir əlifba qəbul edəlim. Və bunun sayəsində dilimizə danışıqda qazandığı ümumilik şərəfini mətbuatda da qazandıralım. Və bu yol ilə xalqa savad öyrədəlim, onlara qolayca bilgi və maarif qapılarını açalım.

Hamıya ümumi təlim verəlim, elmin ləzzətini datdıralım. Və ancaq bundan sonra camaatdan hürriyyət, ədalət və müsavat qanunlarına tamamilə riayəti, istiqlal yolunda, xalqçılıq uğrunda can verməyi istiyəlim.

Yoxsa özgə cür hamısı boş, hamısı qayırma, hamısı küy-kələkdir. Zaman, ehtiyac və həyat bu gün bizdən çox şeylər gözlüyür, daha ciddi, daha xeyirli, daha əqilli, daha elmi yolda çalışmamızı tələb edir.

Qurduğumuz xalqçı cümhuriyyətdə hər zaddan qabaq xalqın murad və mənfəətini nəzərə almaq lazım gəlir. Cümhuriyyətimizin bünövreyi-əsasını meydana gətirən qara xalqın üzünü ağartmaq, üstlərindən cəhalət qaranlığını qaldırmaq, məişət ağırlığını atmaq xalqçılığın şah əsəri, yeganə vəzifə olur.

Xalqçılar bu vəzifə və şah əsərini isə ancaq milli ədəbiyyat vasitəsi ilə vücuda gətirə bilərlər.

Milli ədəbiyyat xalqçıların əlində parlaq bir məşəldir. Ancaq bu məşəl ilə xalq hürriyyətin mənasını düşünər, müsavatın imkanını qanar, ədalətin doğruluğunu görər, istiqlalın qədər və qiymətini bilər.

Şu qədər ki, milli ədəbiyyatın parlaq bir məşəl halını alması, ondan layiqilə istifadə etmək üçün o millət, o xalq tərəfindən sevilməsi, ona qiymət verilməsi, ona hörmət edilməsi şərtdir. Xüsusilə buna xalqdan artıq xalqçılar, xalq idarəsi başında əyləşən ağalar riayət etməlidirlər.

Görəlim bizim ağalarda, bizim xalqçılarda bu hünər, bu fəzilət varmı?

İştə, can alacaq əsil nöqtə!

Ömər Faiq

“Azərbaycan” qəzeti, 21, 24 təşrini-sani (noyabr) 1919, № 327. 328


آچار سؤزلر : کیملیک, تورک, دیل, میلی شوعور, عمرفایق نعمان‌زاده, تورک دونیاسی, ادبیات, تورکچولوک,