ائلچین ELÇİN

تورک دیلی و ادبیاتی

آذربایجان پادشاهلاری

+0 بگندیم

آذربایجان پادشاهلاری

جلیل محمدقلی‌زاده

 

     هردن بیر منیم خیالیما بیر بئله شئی گلیر: 

  آذربایجاندا نئچه پادشاه وار؟ 

       بو باره ده آلمانییا سیاحی رئینقارت و اینگیلیس سیاحی بئككئر كیتابلاریندا یازدیقلاری معلومات بیر-بیریله موختلیفدیر. 

       رئینقارت سیاحتنامه‌سی‌نین 65-جی صحیفه سینده یازیر كی، آذربایجاندا 2522 پادشاه وار، آما بئككئرین سیاحتنامه‌سی‌نین 125-جی صحیفه‌سیندن آنلاشیلیر كی، آذربایجاندا 2323 پادشاه وار. 

       همین ایكی سیاحین آراسیندا كئچن ایل بو مسله‌نین باره‌سینده سوال-جاواب وار ایدی: رئینقارت آلمانییادا چیخان  " ترینخئن "  قزئتینده یازدیغینا بئككئر اینگیلتره‌ده چیخان  " تایمس "  قزئتی ایله جاواب وئرردی. 

       آخیردا معلوم اولدو كی، بئككئر آذربایجانین نمین آدیندا ویلایتینی نظره آلماییب و بورانین پادشاهلارینی حسابا داخیل ائلمه‌ییب و بو سببدن بئككئرین حسابیندا آذربایجان پادشاهلاری نین سایی 199 قدر اسكیك چیخیب. 

    واقعاً نمین ویلایتینده 199 پادشاه وار كی، بو ویلایتده اونلارا -  " خان "  دئییرلر. 

     رئینقارت نمین ویلایتی باره‌سینده بئله یازیر: 

   " نمین ویلایتینده 199 خان وار و اوْن بئش فقیر و بیچاره رعیت وار و بورادا بیر یاخشی حامام وار و بو حامامین پاكیزه سویو وار. هر بیر خانین 99 اوغلو وار و 99 ال‌قوشو و 99 تولاسی وار. خانلارین بینایی-خئییرلریندن قیرخا كیمی دارولفونون وار و بو دارولفونونلارین خرجی گوج ایله اون بئش نفر كاسیب رعیتدن آلینیر و بو مكتبلرده یاخشی عئلم اوخونور. مثلا:  " جین یوسیف " ،  " مشروبات " ،  " قومار " . و بو ویلایتلرده رعیتلرین اكیلمیش زمیلری ده وار و هردن بیر خانلارین كؤنلو گزمك ایسته‌ییر، چونكی آللاها شوكور كئیفلری كؤك، داماغلاری چاغ، آلاجاق وار، وئره‌جك یوخ، قوش وار، عار یوخ، تولا وار، اینصاف یوخ، یومروق وار، آللاه یوخ… 

      خولاصه، آ باشینیزا دؤنوم، بیر گون بو پادشاهلار، یعنی بو خانلار، آداما بیر آت، 21 تولا و بیر قوش، 21 نؤكر اوز قویدولار رعیتین اكیلمیش زمیلرینه و باشلادیلار بو طرفدن او طرفه چاپماغا، او طرفدن بو طرفه چاپماغا. چكمه‌دی بیر آز، زمیلر زیربه‌زیر اولدولار و اكینچیلر ده آسوده‌‌‌لیگه چیخدیلار، چونكی دخی بیر زحمتلری قالمادی و آخشام واختی نمین پادشاهلاری، یعنی خانلار بئله اهمیتلی فتح و ظفر ایله گئری قاییدیب باشلادیلار اوّل  " قاراخاللی تولانین ایی بیلمگینی، ترلان قوشون اوولاماغینی "  موزاكیره و موباحیثه  ائتمه‌یه. و سونرا موباشیر اولدولار عیش‌و عیشرته. 

      ایداره دن: بیز بئله ائشیتدیك كی، رئینقارتین كیتابیندا بو احوالاتی اوخویاندان سونرا یئوروپادا چوخ آدام آغلاییب. 

     آما بیزلرده بیر بئله خبر قزئتده یا كیتابدا اوخویاندا اؤز-اؤزوموزه دئییریك:  " ماشاللاه، ماشاللاه! "  

     اوشاقلیقدا بیر گئجه جانیما بیر  " بیره "  گیریب قویموردو یاتام. چاغیردیم خالامی و آغلایا-آغلایا شیكایت ائله‌دیم. خالام منه دئدی:  " بالا، یات، البت آللاه بئله مصلحت بیلیب " . دئدیم:  " خالا، واللاه یاتا بیلمیرم " . دئدی:  " بالا، یات، آللاه مصلحتیدی " . دئدیم  " خالا، سن آللاه بو  " بیره‌نی "  منیم جانیمدان ردّ ائله " . دئدی:  " بالا، یات، البت آللاه بئله مصلحت بیلیب " . خالام بئله دئییردی. 

  موللالاریمیز دا دئییر:

" در دفع خدنگ ستم گردش گردون

بهتر ز كفایت الهی سپری نیست".

  خاننده و سازنده لریمیز ده هر توی مجلیسینده اول بونو باشلاییب اوخویورلار: 

   " باری خودایا، سن اؤزون حیفظ ائله - بو خان بالاسینی، بو شاهزاده‌نی " . 

  آداملار دا چیتماق توتوب اویناییرلار.

 

Azərbaycan padşahları

 Cəlil Məmmədquluzadə

 

Hərdən bir mənim xəyalıma bir belə şey gəlir:

Azərbaycanda neçə padşah var?

Bu barədə Almaniya səyyahı Reynqart və ingilis səyyahı Bekker kitablarında yazdıqları məlumat bir-birilə müxtəlifdir.

Reynqart səyahətnaməsinin 65-ci səhifəsində yazır ki, Azərbaycanda 2522 padşah var, amma Bekkerin səyahətnaməsinin 125-ci səhifəsindən anlaşılır ki, Azərbaycanda 2323 padşah var.

Həmin iki səyyahın arasında keçən il bu məsələnin barəsində sual-cavab var idi: Reynqart Almaniyada çıxan “Trinxen” qəzetində yazdığına Bekker İngiltərədə çıxan “Tayms” qəzeti ilə cavab verərdi.

Axırda məlum oldu ki, Bekker Azərbaycanın Nəmin adında vilayətini nəzərə almayıb və buranın padşahlarını hesaba daxil eləməyib və bu səbəbdən Bekkerin hesabında Azərbaycan padşahlarının sayı 199 qədər əskik çıxıb.

Vaqeən Nəmin vilayətində 199 padşah var ki, bu vilayətdə onlara – “xan” deyirlər.

Reynqart Nəmin vilayəti barəsində belə yazır:

“Nəmin vilayətində 199 xan var və on beş fəqir və biçarə rəiyyət var və burada bir yaxşı hamam var və bu hamamın pakizə suyu var. Hər bir xanın 99 oğlu var və 99 əlquşu və 99 tulası var. Xanların binayi-xeyirlərindən qırxa kimi darülfünun var və bu darülfünunların xərci güc ilə on beş nəfər kasıb rəiyyətdən alınır və bu məktəblərdə yaxşı elm oxunur. Məsələn: “Cin Yusif”, “məşrubat”, “qumar”. Və bu vilayətlərdə rəiyyətlərin əkilmiş zəmiləri də var və hərdən bir xanların könlü gəzmək istəyir, çünki allaha şükür keyfləri kök, damağları çağ, alacaq var, verəcək yox, quş var, ar yox, tula var, insaf yox, yumruq var, allah yox…

Xülasə, a başınıza dönüm, bir gün bu padşahlar, yəni bu xanlar, adama bir at, 21 tula və bir quş, 21 nökər üz qoydular rəiyyətin əkilmiş zəmilərinə və başladılar bu tərəfdən o tərəfə çapmağa, o tərəfdən bu tərəfə çapmağa. Çəkmədi bir az, zəmilər zirbəzir oldular və əkinçilər də asudəliyə çıxdılar, çünki dəxi bir zəhmətləri qalmadı və axşam vaxtı Nəmin padşahları, yəni xanlar belə əhəmiyyətli fəth və zəfər ilə geri qayıdıb başladılar əvvəl “qaraxallı tulanın iy bilməyini, tərlan quşun ovlamağını” müzakirə və mübahisə etməyə. Və sonra mübaşir oldular eyşü işrətə.

İdarədən: Biz belə eşitdik ki, Reynqartın kitabında bu əhvalatı oxuyandan sonra Yevropada çox adam ağlayıb.

Amma bizlərdə bir belə xəbər qəzetdə ya kitabda oxuyanda öz-özümüzə deyirik: “Maşallah, maşallah!”

Uşaqlıqda bir gecə canıma bir “birə” girib qoymurdu yatam. Çağırdım xalamı və ağlaya-ağlaya şikayət elədim. Xalam mənə dedi: “Bala, yat, əlbət allah belə məsləhət bilib”. Dedim: “Xala, vallah yata bilmirəm”. Dedi: “Bala, yat, allah məsləhətidi”. Dedim “Xala, sən allah bu “birəni” mənim canımdan rədd elə”. Dedi: “Bala, yat, əlbət allah belə məsləhət bilib”. Xalam belə deyirdi.

Mollalarımız da deyir:

“Dər dəfi-xədəngi-sitəmi-gərdişi-kərdun

Behtər zikifayati-ilahi süpəri nist”.

Xanəndə və sazəndələrimiz də hər toy məclisində əvvəl bunu başlayıb oxuyurlar:

“Bari xudaya, sən özün hifz elə – Bu xan balasını, bu şahzadəni”.

Adamlar da çıtmaq tutub oynayırlar.

 


آچار سؤزلر : آذربایجان,