ائلچین ELÇİN

تورک دیلی و ادبیاتی

Türk dünyasının görkəmli alimi Məşhur türkoloq Əhməd Cəfəroğlu

+0 بگندیم

Türk dünyasının görkəmli alimi

Məşhur türkoloq Əhməd Cəfəroğlu


Əhməd Cəfəroğlu türk dünyasının görkəmli şəxsiyyətlərindən biridir. O, məşhur türkoloq, ədəbiyyatşünas, şərqşünas və dilçi professor, filologiya elmləri üzrə doktor kimi tanınmışdır. 1920-ci il aprelin 27-də Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra Əhməd Cəfəroğlu da da bir çox millətçi vətənpərvərlər kimi Türkiyəyə mühacirət etmək məcburiyyətində qalır və ömrünün sonuna qədər burada yaşayır. Əhməd Cəfəroğlu eyni zamanda dünya türkologiya elminin görkəmli simalarından biri olub.

1899-cu ildə Gəncədə anadan olan Əhməd Cəfəroğlu 3 yaşında atasını itirir və anasının, qohumlarının himayəsində qalır. 1905-ci ildə erməni-müsəlman davasında ailəsi ilə birlikdə  Səmərqəndə köçməyə məcbur olan Əhməd Cəfəroğlu ilk təhsilini burada alır. 1909-cu ildə Gəncəyə qayıdan Əhməd Cəfəroğlu 1909-1916-cı illərdə Gəncə gimnaziyasında təhsilini davam etdirir.

Ali təhsil almaq məqsədilə Kiyevə gedən Əhməd Cəfəroğlu Kiyev Ali Ticarət İnstitutunun Iqtisadiyyat fakültəsinə daxil olsa da, burada cəmi 18 ay oxuyur və təhsilini yarımçıq qoyaraq Gəncəyə qayıdır.

Əhməd Cəfəroğlu könüllü olaraq Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam ordusuna yazılır və 1918-ci il sentyabrın 15-də Bakının daşnak və bolşevik işğalından azad edilməsində kiçik zabit kimi iştirak edir.

1919-cu ildə Əhməd Cəfəroğlu Bakı universitetinin tarix-filologiya fakültəsinin Şərq bölməsinə daxil olur, lakin burada da təhsili yarımçıq qalır. Azərbaycan Demokratik Cümhuriyyəti yıxılır və Əhməd Cəfəroğlu əvvəlcə Gürcüstana, oradan da Türkiyəyə gedir.

Təhsilini davam etdirmək üçün İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsinə daxil olan Əhməd Cəfəroğlu məşhur türkoloq Mehmet Fuad Köprülüdən dərs alır və 1925-ci ildə unuversiteti bitirir. Az bir müddət İlahiyyat fakültəsinin kitabxanasında işləməklə bərabər, Türkologiya İnstitutunda da asisstent kimi çalışan Əhməd Cəfəroğlu 1925-ci ilin sonlarında Almaniya Xarici İşlər Nazirliyinin təqaüdçüsü kimi bu ölkəyə gedir. O, burada əvvəlcə Berlin, sonra isə Breslau Universitetində türkoloji təhsil alır. Berlin Universitetində oxuduğu bir semestr ərzində V.Banq-Kaup, A.Fon Le Koç, Vesterman, Breslau Universitetində oxuduğu beş semestr ərzində isə F.Gize, K.Brokelman, Diels, Şader kimi tanınmış alimlərin mühazirələrini dinləyir.

“Bütün varlığıyla türkçülüyün tanıdıcısı idi...”

1929-cu il mayın 15-də Ə.Cəfəroğlu Breslau Universitetində məşhur şərqşünas Fridrix Gizenin rəhbərliyi altında yazdığı “Gəncə dialektində Azərbaycan bayatısının dil baxımından təhlili” mövzusunda dissertasiyanı müvəffəqiyyətlə müdafiə edir və filologiya doktoru elmi dərəcəsi alır. Yarım il sonra onun bu əsəri ayrıca kitabça şəklində Berlində nəşr olunur. O, 1929-cu ildə filologiya doktoru kimi İstanbul Universitetinə qayıdır. İstanbul Universitetində türk dili tarixi kafedrasının dosenti, professoru, 1946-cı ildən Mehmet Fuad Köprülünün vəfatından sonra isə kafedra müdiri kimi fəaliyyət göstərmişdir. Əhməd bəy həm də universitetin nəzdində fəaliyyət göstərən Türkiyyat İnstitutuna da rəhbərlik edirdi.

Əhməd Cəfəroğlunun həmkarı Səadət Cağatay yazır: “O, kitablardan öyrənən, qulaqdan duyan bir türkçü yox, bütün varlığıyla türkçülüyün tanıdıcısı idi”. 

1923-1969-cu illər arasında Əhməd Cəfəroğlunun müxtəlif ölkələrdə və dillərdə 350 əsəri çıxıb.

O, eyni zamanda Avropanın aparıcı universitetlərində türk dilinə və türkologiyaya dair mühazirələr oxuyub, bir müddət Roma universitetində də çalışıb, dünyanın ən məşhur elmi cəmiyyətlərinin, akademiyalarının üzvü olub.

Əhməd Cəfəroğlu Azərbaycanı dünyaya tanıtmaq üçün  İstanbulda “Azərbaycan Yurd Bilgisi” jurnalını da nəşr edib.  O, Avropada və xüsusilə Türkiyədə azərbaycanşünaslıq elminin təməlini qoyanlardan biri olub. Adı çəkilən dərgidə Əhməd  40-a yaxın məqaləsi çap olunmuşdur. Əhməd Cəfəroğlu həmçinin müxtəlif illərdə “Türk amacı” dərgisinin “Türk dili və ədəbiyyatı məcmuəsinin” redaktoru olub. Həmin dərgilərdə yazdığı məqalələrdən bəzilərinin-"Azərbaycanın böyük matəmi-27 nisan", “28 mayıs 1920", ”Tarixin ilk Türk Cümhuriyyəti Azərbaycan" və s. adları onu deməyə əsas verir ki, Əhməd Cəfəroğlu uzun illər Azərbaycan siyasi mühacirətinin fəallarından olub.

Əhməd Cəfəroğlu 30-cu illərdə Türk Dil Qurumunun həqiqi üzvü kimi Mustafa Kamal Atatürkün iştirakı ilə keçirilən toplantılarda iştirak edib.

Göprkəmli alim 1955-ci ildə o Ispaniyanın “De Alfonso el Sabio” ordeninə layiq görülüb.

Görkəmli alim həmçinin Azərbaycan ədəbiyyatı tarixini, folklorunu da araşdırıb.

Əhməd Cəfəroğlunun Türk dil tarixi və türk dialektologiyasına dair araşdırmaları dəfələrlə çap edilmiş və bu günə qədər dərs vəsaiti kimi istifadə olunmaqdadır. 

Mühacir folklorşünaslığın yorulmaz tədqiqatçısı

Əhməd Cəfəroğlunun folklorşünaslıq irsi" kitabının müəllifi, mərhum Gülağa Hüseynov yazır: “Əhməd Cəfəroğlu özünün dilçilik, ədəbiyyatşünaslıq, etnoqrafiya, folklorşünaslıq və s. sahələrdəki araşdırmaları ilə təkcə Türkiyədə deyil, eləcə də Avropada şöhrətləndi. Azərbaycan bu gün öz görkəmli oğlunun elmi-mədəni irsinə, o cümlədən folklorşünaslıq irsinə sahib durmalıdır. Həcm və sanbal baxımından çox nəhəng və dərin olan, görkəmli adlarla təmsil olunan mühacir folklorşünaslıq elminin yaradılması və inkişaf etdirilməsində Əhməd Cəfəroğlunun çox böyük əməyi olub. Azərbaycan sovet folklorşünaslığının siyasi-ideoloji təzyiqlər nəticəsində ümumtürk konteksindən çəkinərək folklorun nəşri və araşdırılması sahəsində bəlli hüdudlar daxilində hərəkət etdiyi, sosioloji təhlillərə üstünlük verdiyi 30-50-ci illərdə Əhməd Cəfəroğlu milli-mənəvi yaddaş problemlərini diqqət önündə saxlayan işlərlə məşğul olub. Onun başqa elmi istiqamətlərdə olduğu kimi folklorşünaslığa dair gördüyü işlər də Azərbaycanın istiqlalı ideyasına xidmət məqsədi ilə həyata keçirilib. Gəncə kimi zəngin folklor mühitindən çıxmış bu insan mühacirətə təkcə Vətən sevgisi ilə dolu ürəyini yox, həm də zəngin folklor yaddaşını apardı”.

Görkəmli alim 1973-cü ilin avqust ayında 27 il müddətində fasiləsiz olaraq rəhbərlik etdiyi İstanbul Universiteti Türk dili tarixi kafedrasından təqaüdə çıxmışdır və 1975-ci il yanvarın 6-da vəfat etmişdir. Onun ölümü Türkiyənin elmi ədəbi ictimaiyyəti tərəfindən böyük hüznlə qarşılanmışdır. 

Alimin həyatının son günləri və vəfatının təfsilatı barədə Osman Fikri Sərtqaya yazır: “Yeni ilin (1975-ci il) ilk çərşənbə günü fakültəyə gələrkən bir az yorğun görünürdü. O gün Türk Dil Qurumunun sifariş etdiyi, amma müxtəlif səbəblər üzündən çapı gecikən ”Orxon abidələri" adlı kitabından bəhs edərkən çox əsəbiləşdi: “Mən öləcəyəm. Vəsiyyət edirəm, əgər bu kitabımın nəşri üçün ölümümdən sonra çalışmasanız, sənə də, Məhərrəmə də, Nəcməddinə də haqqımı halal etmərəm...” kimi sözlər söylədi.

Əhməd Cəfəroğlunun elmi-ədəbi ictimaiyyətə, Azərbaycan tanıdılması sahəsində ilk ciddi addım professor Vilayət Quliyevin 1991-ci ilin martında “Ədəbiyyat qəzeti”ndə dərc edilmiş iri həcmli məqaləsi oldu. Çox ciddi axtarışların  nəticəsi olan bu məqalədə Ə.Cəfəroğlunun ömür yolu barədə ətraflı məlumat verilir, onun Azərbaycan ədəbiyyatı tarixinə və folklorşünaslığına dair tədqiqatlarından bəhs edilir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 Azadlıq.- 2013.- 11 iyul.- S.14.