ائلچین ELÇİN

تورک دیلی و ادبیاتی

�

Türk Dövlətləri Təşkilatının himni necə olmalıdır?

�
+0 بگندیم
​

 ​

Türk Dövlətləri Təşkilatının himni necə olmalıdır?

ORTAQ TARİX, MƏDƏNİYYƏT VƏ MƏNƏVİ DƏYƏRLƏRİ İFADƏ EDƏCƏK MUSİQİ ƏSƏRİNİN YARADILMASI TƏKLİF OLUNUR

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid bu günlərdə maraqlı təkliflə çıxış edib. O, sosial media paylaşımında Türk Dövlətləri Təşkilatının (TDT) himninin yaradılması ideyasını irəli sürüb. Bunun üçün Türk dövlətlərində müsabiqə elan edilməsinin zəruriliyini də qeyd edib. Təkliflə bağlı həm Azərbaycan, həm də digər Türk dövlətlərindən ziyalıların, mədəniyyət xadimlərinin fikirlərini öyrəndik.

Bəstəkar, Əməkdar artist Vüqar Camalzadə bildirib ki, bu, çox gözəl və həyata keçirilməsi vacib bir təklifdir: "Elə birliklər olub və var ki, onlar texniki və yaxud məcburi birliklərdir. Məsələn, keçmiş Sovet İttifaqı, yaxud Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı kimi birliklərin özlərinin himnləri olub və var. Avropa ölkələri Lüdviq van Bethovenin 9-cu simfoniyasının 4-cü hissəsindən "Sevinc odası"nı Avropa İttifaqının himni seçiblər. Yaxud Amerikanın, keçmiş Sovet İttifaqının himnləri birlik himnləridir, yəni bir ölkənin, xalqın himni deyil. Amma hələlik dildə, ürəklərdə və əməllərdə olan Turan birliyi, inşallah, yaxın gələcəkdə rəsmi bir birlik olar. Eyni millətin, bir neçə dövlətin yaradacağı birliyin ortaq dil parametrləri, ortaq musiqi intonasiya parametrləri nəzərə alınaraq, ortaq himni də olmalıdır. Mən çox böyük şərəf və məmnuniyyətlə bunun musiqi tərəfini işləməyə hazıram".

Türkiyədəki Ankara Siyasi Düşüncə İnstitutunun rəhbəri, ehtiyatda olan general-mayor, dosent Güray Alpar bildirib ki, dövlət himnləri yalnız millətlər səviyyəsində deyil, həm də institusional baxımdan ortaq hiss, həyəcan və ideal yaradaraq, bir təşkilatın siyasi varlıq kimi müstəqilliyini və gücünü dünyaya bəyan edir: "Bütün bunlardan əlavə, təmsil etdikləri cəmiyyətə güclü mənsubiyyət hissi aşılayır. Bu baxımdan, Bethoven tərəfindən 1823-cü ildə 9-cu simfoniyanın final musiqisi kimi bəstələnmiş "Sevinc odası" adlı musiqi əsərini nümunə göstərə bilərik. Əsərin sözləri olsa da, Avropa İttifaqı və Avropa Şurasının himni kimi rəsmi tədbirlərdə sözsüz şəkildə marş olaraq səsləndirilir".

O xatırladıb ki, himn adını "Himn" 1971-ci ildə Avropa Şurası Parlament Assambleyasında irəli sürülən təklif əsasında qəbul edib. Bir il sonra isə Avropa İttifaqının da (həmin dövrdə adı Avropa İqtisadi Birliyi) rəsmi himni olub: "Himn, şübhəsiz ki, üzv dövlətlərin milli himnlərini əvəz etmək məqsədi ilə yaradılmayıb, onun Avropa İttifaqı Konstitusiyasına daxil edilməsi təklifi qəbul edilməyib və sadəcə olaraq ortaq bir ideal və birlik yaratmaq məqsədi daşıyır, vahid Avropa idealını, azadlığı, sülhü və dayanıqlılığı ifadə edir. Türk Dövlətləri Təşkilatı Türk dilli dövlətlər arasında iqtisadi, siyasi və mədəni əməkdaşlıq yaradan beynəlxalq təşkilat kimi bütün sahələrdə getdikcə inkişaf edir və təşkilata üzv dövlətlər arasında gələcəyə dair böyük ümid yaradır. Lakin bəzi çalışmalar aparılmış olsa da, təşkilatın hələ rəsmi ortaq himni yoxdur. Bu, belə böyük əhəmiyyət daşıyan bir təşkilat üçün ciddi çatışmazlıqdır. Buna görə də Rəşad Məcid tərəfindən mövzunun gündəmə gətirilməsini, bu təklifin səsləndirilməsini çox yüksək dəyərləndirmək lazımdır. TDT-yə üzv ölkələrin milli himnlərindən əlavə, bütün Türk dünyasının ortaq tarixini, mədəniyyətini, mənəvi dəyərlərini və simvollarını özündə əks etdirən bir himnin ən qısa zamanda yaradılması hər kəsi məmnun edəcək, insanları ortaq bir himn ətrafında birləşdirəcək və qürur mənbəyi, birləşdirici simvol kimi insanları gələcəyə aparacaq. Bu məqsədlə hər ölkədən mütəxəssislərdən ibarət əhatəli komissiyanın yaradılması, müvafiq elanların verilməsi, zərurət yaranarsa, bütün təbəqələri əhatə edən müsabiqələrin keçirilməsi, əvvəllər yazılmış və hər kəs tərəfindən qəbul edilən mətnlərin də nəzərə alınması ilə təkliflərin irəli sürülməsi Türk Dövlətləri Təşkilatının daha da tanınmasına töhfə verməklə yanaşı, böyük bir həyəcan yaradacaq. Himnin sözləri ola bilər, yaxud yalnız sözsüz melodiyadan ibarət ola bilər. Eyni zamanda, himn qəbul edilərkən üzv ölkələrin milli himnlərini əvəz etmədən, yəni hər bir ölkə öz kimliyini və keçmişini qoruyaraq, ortaq bir simvol kimi səsləndirilə və dinlənilə bilər".

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair-publisist İntiqam Yaşar isə bildirib ki, Rəşad Məcidin müraciətini dinləyib və artıq bəzi dostlarla da bölüşüb: "Bu, çox yerində olan və çox önəmli bir ideyadır. Türk Dövlətləri Təşkilatı bu gün artan gücü və Türk dünyasında yüksələn nüfuzu ilə diqqət çəkməkdədir. Bbelə bir mötəbər qurumun özünün ayrıca himninin olması, təbii ki, sevindirici hal olar.Bununla bağlı yəqin ki, addımlar atılacaq. Ayrıca bir himnin hazırlanması üçün Rəşad müəllimin də qeyd etdiyi kimi, bir müsabiqə təşkil oluna bilər. Türk dünyasının müxtəlif nöqtələrindən yazarlarımız bu məsələ ilə bağlı həm mövqeyini bildirə, həm də müsabiqə təşkil olunsa, iştirak edə bilərlər. Bu yazılan mətnlər həm də bir ədəbiyyat faktı olacaq. Bunu nəzərə alaraq, himn seçildikdən sonra, digər toplanan nümunələr kitablaşdırıla bilər. Bu, qeyd edilən təşəbbüsdən, görülən işdən qalıcı ədəbiyyat faktı kimi gələcək nəsillərə ötürülmüş olar. Təbii ki, bunlar hazırda ideyadır, amma ən doğrusunu zaman göstərəcək. Bu cür təşəbbüslərin ümumiyyətlə Türk dünyasında geniş yayılması, Türk dünyasını əhatə etməsi Türk dünyasına könül vermiş hər bir insanımızı, ziyalımızı sevindirə bilər. Biz də bu ideyanı müsbət qarşılayırıq və önəmini bir daha diqqətə çatdırırıq".

Qazax Radiosunda Azərbaycan dilində yayımlanan "Dostluq" proqramının redaktoru və aparıcısı Dr. Erkinbek Turgunov deyib ki, Azərbaycanın tanınmış yazıçısı və ictimai xadimi Rəşad Məcidin "Türk Dövlətləri Təşkilatının himni olmalıdır!" təklifini böyük məmnuniyyətlə dəstəkləyir: "Məncə, bu, Türk dünyasında bu gün müşahidə olunan mənəvi yaxınlaşma ilə səsləşən, dərin məna daşıyan mühüm bir təşəbbüsdür. Ortaq himn Qazaxıstan, Azərbaycan, Türkiyə, Qırğızıstan və Özbəkistan xalqlarının tarixi köklərinin birliyini əks etdirən, qardaşlıq və əməkdaşlığı daha da möhkəmləndirən mühüm mənəvi rəmz ola bilər.

Ümumiyyətlə, türk dövlətlərinin milli himnlərinin yaranma tarixinə nəzər salsaq, onların hər birinin arxasında bütöv bir xalqın taleyinin dayandığını görərik. Himn sadəcə musiqi ilə sözün vəhdəti deyil, o, azadlığın, dövlətçiliyin, milli ruhun və tarixi yaddaşın ifadəsidir.

Məsələn, Türkiyənin "İstiqlal Marşı" ölkənin istiqlaliyyət uğrunda mübarizə apardığı mürəkkəb tarixi dövrdə yaranıb. Mehmet Akif Ersoyun sözlərinə yazılmış bu əsər 12 mart 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilib. Onun hər misrasında azadlığa inam, Vətənə sədaqət və xalqın sarsılmaz iradəsi duyulur.

Azərbaycanın himni də ölkənin dövlətçilik tarixi ilə sıx bağlıdır. Üzeyir Hacıbəylinin musiqisi və Əhməd Cavadın sözləri əsasında yaranmış bu əsərin tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, 27 may 1992-ci ildə "Azərbaycan Marşı" Dövlət himni kimi təsdiq edilib.

Qazaxıstanın hazırkı Dövlət himninin əsasını təşkil edən "Mənim Qazaxıstanım" mahnısının da özünəməxsus tarixi vardır. Şəmşi Kaldayakov və Jumeken Najimedenovun 1950-ci illərdə yaratdıqları bu əsər uzun illər ərzində xalqın sevimli mahnısına çevrilib, milli ruhun yüksəldilməsində mühüm rol oynayıb. 2006-cı ildə mətnə müəyyən dəyişikliklər edilərək "Mənim Qazaxıstanım" Qazaxıstan Respublikasının Dövlət himni kimi qəbul olunub. Bu nümunələrin özü himnin xalqın mənəvi yaddaşında necə mühüm yer tutduğunu aydın göstərir. Hər bir dövlətin himni onun müstəqilliyinin, tarixinin və milli ruhunun müqəddəs səsidir. Bu baxımdan, müstəqil türk dövlətlərini bir araya gətirən Türk Dövlətləri Təşkilatının da ortaq mənəvi səsinin olmasını təbii və əhəmiyyətli hesab edirəm".

Erkinbek Turgunov bildirib ki, Türk Dövlətləri Təşkilatının ortaq himni heç bir dövlətin milli himnini əvəz etməyəcək. Onun missiyası tamam fərqli olmalıdır. Bu himn Qazaxıstanın, Azərbaycanın, Türkiyənin, Qırğızıstanın və Özbəkistanın suverenliyinə hörmət etməklə yanaşı, bu dövlətləri birləşdirən ortaq tarixi kökləri, dil və mədəniyyət yaxınlığını, qarşılıqlı hörmət və qardaşlığı ifadə etməlidir: "Rəşad Məcidin irəli sürdüyü təşəbbüsün digər mühüm cəhəti ortaq himnin gələcək nəsilləri bir-birinə daha da yaxınlaşdırmaq imkanına malik olmasıdır. Türk dünyasının gəncləri bu himni əzbər bilsələr, böyük beynəlxalq tədbirlərdə, gənclər forumlarında, mədəni və elmi toplantılarda birlikdə səsləndirsələr, bunun necə möhtəşəm mənzərə yaradacağını təsəvvür etmək çətin deyil. Astanada başlayan bir nəğmə Bakıda davam etsə, Ankarada, Bişkekdə və Daşkənddə eyni coşqu ilə səslənsə, bu, mənəvi birliyimizin parlaq təcəssümünə çevrilər".

O, əlavə edib ki, ortaq himnin sözlərində azadlıq və sülh, qardaşlıq və birlik, ortaq tarix və parlaq gələcək, elm, təhsil və tərəqqi kimi bütün türk xalqlarına doğma olan dəyərlər öz əksini tapmalıdır. Onun musiqisi də insanların qəlbinə asanlıqla yol tapan, yadda qalan və eyni zamanda əzəmətli olmalıdır: "O zaman hər birimiz bu himni əzbər biləcək, böyük toplantılarda onu qürur və coşqu ilə birlikdə səsləndirəcəyik. Buna görə də hörmətli Rəşad Məcidin təklifini dəstəkləyirəm. İnanıram ki, bu təşəbbüs geniş müzakirə olunaraq gələcəkdə gerçəkləşərsə, Türk dünyasının mənəvi birliyini ifadə edən daha bir mühüm rəmz meydana çıxacaq".

Özbəkistan Yazarlar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, şair və tərcüməçi Rəhmət Babacan bildirib ki, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, yazıçı Rəşad Məcid tərəfindən Türk Dövlətləri Təşkilatının (TDT) ortaq himninin olması ideyası irəli sürüldükdən sonra bu təşəbbüs türk dünyasının ziyalıları və şair-yazıçıları arasında geniş əks-səda doğurub: "Biz eyni kökdən boy atan, fərqli budaqlarda çiçəkləyən, amma eyni küləklə pıçıldaşan bir çinarın övladlarıyıq. TDT-nin ortaq himninin olması ilə bağlı irəli sürülən bu ideya sadəcə bir təklif deyil, əsrlərdir ruhumuzda kök salan ortaq nəğmənin dilə gəlməsidir. Biz Özbəkistanda Əlişir Nəvainin, Azərbaycanda Məhəmməd Füzulinin, Qazaxıstanda Abayın, Türkiyədə Yunus Əmrənin əsərlərini oxuyaraq böyümüşük. Şeirimiz və musiqimiz bizi bir-birimizi tərcüməsiz anlayacaq qədər yaxınlaşdırır. Ortaq əlifba kimi texniki və hüquqi layihələrlə yanaşı, bizi mənən bir araya gətirən simvollara da ehtiyacımız var. Ona görə də ortaq himn ruhumuzun və məqsədimizin səslə ifadəsi ola bilər".

O, əlavə edib ki, bu gün gənclərimizin eyni tədbirlərdə, eyni idman və mədəniyyət forumlarında eyni hisslərlə oxuya biləcəyi bir nəğməyə ehtiyacı var: "Avropa İttifaqı Bethovenin "Sevincə odası"nı ortaq himn seçdiyi kimi, TDT-nin də öz ortaq simvolik himninin olması təşkilatın beynəlxalq aləmdəki nüfuzunu və mədəni gücünü nümayiş etdirə bilər. Mən Özbəkistan gəncləri və ədəbi mühiti adına bu ideyanı tamamilə dəstəkləyirəm. İstəyirəm ki, bu himn heç bir üzv ölkənin milli himnini əvəz etmədən, təşkilatın rəsmi zirvələrində və beynəlxalq platformalarda türk dünyasının birliyini tərənnüm edən əzəmətli bir simvol olsun!"

PƏRVANƏ

Qaynaq: 525.az

​

آچار سؤزلر : تورک دؤولتلری, تورک دونیاسی,
�