آذربایجان خالق گولمهجهلری (4)
عباس ائلچین
ائرکک بولود
بیر گون موسا حضرتلری طور سینایا گئدنده، داغدا کندین چوبانی ایله قارشیلاشیر. چوبان قویونلاری درهده یاییمیش اؤزوده بیر داشا سؤیکهنیب ماهنی اوخوریوردو. موسا اسنلشمهدن گؤیدهکی قارا بولودو چوبانا گؤستهرهرک اوستونه چیمخیریر:
- آی چوبان! او قارا بولودو گؤرمورسنمی؟ تئز اول قویونلاری درهدن ائشیگه چیخارت، یاغیش یاغیب سئل داشلانار، قویونلاری آپارار!
چوبان گوله- گوله:
- ای تانرینین بؤیوک یالاواجی! او بولود ائرککدیر، یاغماز- دئییر.
بو یانیت موسایا آغیر گلیر:
- بولودون ائرکک- دیشیسی اولماز؟!.. من دئییرم یاغاجاق سنده دئ یاغاجاق!..
چوبان بیر شئی دئمهییب ماهنی اوخوماغینی سوردورور.
موسا تانری قاتینا چاتیب آستاناسیندا آلین یئره سورتدوکدن سونرا:
- تانریم! اولانلار اؤزونوزه آیدیندیر، او قارا بولودو هاچان یاغدیرتدیراجاقسینیز؟- دئییر.
تانری گولومسهییب:
- ائی موسا! او بولود ائرککدیر یاغماز!..- دئییر- تکجه دیشی بولودلار یاغار.
موسا داریلیر:
- تانریم! او قارا بولود یاغماسا من ائل ایچینده بیر پوللوق اولارام، آرتیق کیمسه منیم دئدیکلریمه اینانماز، سیزه یالواریرام او بولود یاغدیرتدیراسینیز.
تانری، موسانی قیرماییب ائرکک بولودو یاغدیرتدیریر!!
موسا قاییدان باش گؤرور چوبان اؤتوروب باش- گؤزونه تاپدایاراق آغلاییر.
- چوبان قارداش من سنه دئمهدیمی قویونلاری درهدن چیخارت یاغیش یاغار، سئل گلر؟!
چوبان وایسینا- وایسینا :
- آللاه باعیثین بالالارینی اؤلدورسون- دئییر.- آللاهدا بیلیر او بولود ائرکک ایدی!!
Azərbaycan xalq gülməcələri (4)
Abbas Elçin
Erkək bulud
Bir gün Musa həzrətləri Tur-sinaya gedəndə, dağda kəndin çobanı ilə qarşılaşır. Çoban qoyunları dərədə yayımış özüdə bir daşa söykənib mahnı oxuyurdu. Musa əsənləşəmədən göydəki qara buludu çobana göstərərək üstünə çımxırır:
- Ay çoban! o qara buludu görmürsənmi? tez ol qoyunları dərədən eşiyə çıxart, yağış yağıb sel daşlanar qoyunları aparar!
Çoban gülə- gülə:
- Ey tanrının böyük yalavacı! o bulud erkəkdir, yağmaz- deyir.
Bu yanıt musaya ağır gəlir:
- Buludun erkək- dişisi olmaz?!.. mən deyirəm yağacaq səndə de yağacaq!..
Çoban bir şey deməyib mahnı oxumağını sürdürür.
Musa tanrı qatına çatıb astanasında alın yerə sürtdükdən sonra:
- Tanrım! olanlar özünüzə aydındır, o qara buludu haçan yağdırtdıracaqsınız?- deyir.
Tanrı gülümsəyib:
- Ey Musa! o bulud erkəkdir yağmaz!..- deyir- təkcə dişi buludlar yağar.
Musa darılır:
- Tanrım! o qara bulud yağmasa mən el içində biır pulluq olaram, artıq kimsə mənim dedikəlrimə inanmaz, sizə yalvarıram o buludu yağdırtdırasınız.
Tanrı, Musanı qırmayıb erkək buludu yağdırtdırır!!
Musa qayıdan baş görür çoban oturub baş- gözünə tapdayaraq ağlayır.
- Çoban qardaş mən sənə demədimi qoyunları dərədən çıxart yağış yağar, sel gələr?!
Çoban vaysına- vaysına :
- Allah baisin balalarını öldürsün- deyir.- Allahda bilir o erkəkidi!!